“Ramiz Məlik bizi həmişə müdafiə edirdi" - Zülfiyyə Eldarqızı
Azərbaycan kino və teatr sənəti öz istedadı, yaratdığı maraqlı obrazları, seçilən səsi, başlıcası isə xarakteri ilə fərqlənən, haqqın-ədalətin yanında dayanmaqdan çəkinməyən gözəl bir sənətkarını itirib. Acı da olsa qeyd edək ki, Azərbaycan teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Xalq artisti Ramiz Məlik (Ramiz Ağarza oğlu Məlikov) vəfat edib.
Ramiz Məlik uzun müddət idi onkoloji xəstəlikdən müalicə alırdı. Xəstəliklə gərgin mübarizə aparsa da, sonda zalım xəstəlik onu “məğlub” etdi. Böyük sənətkarın vəfatı sənət adamlarını dərindən kədərləndirib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı da mətbuata açıqlamasında Ramiz Məlikin vəfatından kədərləndiyini bildirib. Z.Eldarqızı deyib ki, ustad aktyorun ölüm xəbərini Bakı Dövlət Universitetində (BDU) dərs deyərkən eşidib. “Bir var şəxsiyyət, bir var sənətkar... Ramiz Məlik məhz həm şəxsiyyət, həm də sənətkar idi. Onun həm şəxsiyyəti, həm də sənətkarlığı dəmir yolu relsləri kimi paralel gedirdi. Xəstə olduğunu bilirdik, amma hər zaman Allahdan ona şəfa diləyirdik" - deyə Z.Eldarqızı qeyd edib.
Zülfiyyə Eldarqızı Ramiz Məliklə bağlı xatirələrindən bəhs edib, bildirib ki, o çox insanların, aktyorların haqqını qoruyurdu. "Ramiz Məlik o qədər ədalətli insan idi ki, kiminsə haqqının tapdanmasına seyrçi qala bilmirdi. Hətta mən öz taleyimdə də bunu hiss etmişəm. Bizim teatrda problemlərimiz var idi, direktor bizi incidirdi, amma Ramiz Məlik buna biganə qala bilmirdi. Bəzən görürük ki, bəzi sənət adamları öz sənətindən olan insanlar haqqında nəsə olanda bu məsələyə laqeyd qalır, amma Ramiz Məlik belə deyildi. O, əgər hansısa bir haqsızlıq olurdusa, mütləq şəkildə buna münasibətini bildirirdi, haqqın tərəfində olurdu. Ramiz Məlik bizi həmişə müdafiə edirdi.
Elə insan, şəxsiyyət, sənətkardır ki, bəzən deyirlər, əvəzolunmaz insan yoxdur, Ramiz Məlik məhz əvəzolunmaz biri idi. Onun yeri həmişə görünəcək".
Zülfiyyə Eldarqızı böyük aktyorun vəfatından dərin kədər hissi keçirsə də, deyir ki, R.Məlik istər kinoda, istərsə də teatrda oynadığı bütün rollarla tamaşaçıların qəlbində yaşayacaq. "Nə qədər ki, Azərbaycan teatrı və kinosu var, Ramiz Məlik yaşayacaq. Ramiz müəllimə Allahdan rəhmət diləyirəm, yeri cənnət olsun!" - deyə Z.Eldarqızı qeyd etdi.
Ülviyyə GÜLBABAQIZI