Dövlət Komitəsi Zəngilanın Ağalı kəndinə infotur təşkil etdi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması tədbirləri çərçivəsində Zəngilan rayonunun Ağalı kəndinə infotur təşkil edib.
İnfotur iştirakçılarına I Dövlət Proqramında təsbit olunmuş tədbirlərin icrası və Prezident İlham Əliyevin verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib. İşğaldan azad edilmiş ətrazilərdə “ağıllı kənd” konsepsiyası əsasında tikilən ilk yaşayış məntəqəsində - Ağalı kəndində geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olan infotur iştirakçıları buradakı məktəbə, uşaq bağçasına, tibb müəssisəsinə və digər infrastruktur obyektlərinə baş çəkib, sakinlərlə söhbətləşiblər.
Sakinlər kənddə yaradılmış şəraitdən razılıqlarını ifadə ediblər. Həmçinin yeni yaradılmış iş yerləri barədə söz açıblar. Məşğulluq tədbirləri ilə bağlı görülmüş işlərin onların sosial rifahının yaxşılaşmasına müsbət təsir etdiyini bildiriblər. İnfotur iştirakçıları Ağalı sakinlərinin gündəlik həyatını və məşğuliyyətini əks etdirən foto-video çəkilişlər aparıblar. Onları maraqlandıran suallar cavablandırılıb.
İnfoturda müxtəlif özəl yaradıcılıq subyektlərinin rəhbərləri və əməkdaşları, o cümlədən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri ilə bağlı Dövlət Komitəsinin tərəfdaşı olan şirkətlərin nümayəndələri iştirak ediblər.
Səfər iştirakçıları infoturun məhsuldar və faydalı olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmiş ərazilərə infoturlar davam etdiriləcəkdir.