Neftdən vergi daxilolmaları niyə azalıb... Nazir dedi, ekspert cavab verir...
Pərviz Heydərov: “Ölkədə neft hasilatı getdikcə azalır”
“Dövlət büdcəsində vacib məqamlardan biri odur ki, bizim vergi daxilolmalarımız azalıb”. Bunu Azərbaycan Respublikası Milli Məclisinin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, neft sektorundan vergi daxilolmaları 2 milyard manatdan artıq azalıb: “Yəni iki dəfəyə qədər azalma baş verib. Bu, bizi kifayət qədər narahat etməlidir. Bunun müəyyən səbəbləri var. Biri odur ki, cari ilin əvvəlində dünya miqyasında qaz qiymətləri kəskin surətdə artmışdı. Yanvar-fevral aylarında hətta 3 min ABŞ dollarına qədər qaz qiymətləri artmışdı. Şübhəsiz ki, Azərbaycan da bundan bəhrələnmişdi. Artıq cari ilin iyul ayında biz bu gəlirləri dövlət büdcəsində əks etdirdik və həmin əlavə gəlirlərimiz işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulmasına və hərbi xərclərimizin artırılmasına yönəltdik".
“Hasilatın aşağı düşməsi neftdən əldə olunan gəlirlərin səviyyəsinə təsir edir”
Neftdən vergi daxilolmalarının azalması barədə fikir bildirən iqtisadçı ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, ölkədə neft hasilatı getdikcə azalır: “Baza rolu oynayan “Əsrin müqaviləsi” Azəri-Çıraq-Günəşli yataqları üzrə bağlanmışdı. Həmin müqavilənin imzalanmasının üzərindən 29 il vaxt keçir. Neft hasilatı elə bir sahədir ki, burda yüksələn xətt var və geri dönüş, eniş var. Neçə ildir ki, hasilatın azalması müşahidə olunur. Məlumat üçün bildirim ki, Azərbaycanda ən çox neft hasilatı 2010-cu ildə qeydə alınıb. Həmin il neft hasilatı 50 milyon tondan artıq idi. Ancaq indi bu rəqəm 30 milyon üzərindədir. Temp getdikcə aşağı düşür. Bu da neftdən əldə olunan gəlirlərin səviyyəsinə təsir edir”.
Iqtisadçı onu da əlavə etdi ki, hazırda qaz üzrə yaxşı perspektiv gözlənilir. Ancaq qaz neftin yerini verə bilməz. Həmçinin, qazın qiyməti stabil deyil, mütəmadi olaraq dəyişir: “Neftin dünya bazarında qiyməti Azərbaycan üçün əlverişlidir. Ancaq zəmanət yoxdur ki, neftin dünya bazarında qiyməti dəyişməyəcək”.
Günel CƏLİLOVA