Hərbi xidmətlə bağlı yaş həddinin azaldılması birinci oxunuşda təsdiq edildi
Cinayət Məcəlləsində, Miqrasiya Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Psixiatriya yardımı haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Qanun layihəsi müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində göstərilən xidmətlərin optimallaşdırılması və elektronlaşdırılması, habelə hərbi xidmətə çağırışla bağlı müvafiq müddəaların dəqiqləşdirilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna “tibbi şəhadətləndirilmə”, “elektron kabinet” və “çağırış vərəqəsi” anlayışları əlavə edilir. Layihədə aidiyyəti dövlət orqanları arasında tibbi müayinənin nəticələrinin elektron əldə edilməsi, əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsinə dair müvafiq qərarın onların əyani formada tibbi müayinəsi aparılmadan çağırışçıya dair elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul edilməsi, müvafiq dövlət orqanlarının sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı müddəalar əks olunub.
Bundan başqa, layihədə müddətli həqiqi hərbi xidmətə çağırış üçün nəzərdə tutulan son yaş həddinin 35-dən 30 yaşa endirilməsi təklif olunur.
Eyni zamanda, layihədə ilkin hərbi qeydiyyatın müddəti, habelə təşkilatlar tərəfindən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların siyahılarının müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi müddəti uzadılır. Çağırışçılar barəsində çağırış komissiyaları tərəfindən qəbul edilmiş qərarlar onlara 10 gün müddətində deyil, 3 gün müddətində bildiriləcək. Layihədə müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşların tibbi müayinədən keçməsi müddəti çağırışa 2 ay qalmış müddətdə müəyyən olunur.
Yuxarıda qeyd olunanlarla yanaşı, layihədə müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilərək hərbi qeydiyyatdan çıxarılan vətəndaşların dairəsi müəyyən olunur və təhsili davam etdirmək üçün çağırışa möhlət verilməsi ilə bağlı maddə yeni redaksiyada verilməklə dəqiq tənzimləmə qanunda əks olunur. Belə ki, bakalavriatda və magistraturada əyani təhsil alan tələbələrə çağırışa möhlət onların müvafiq olaraq 24 və 26 yaşı tam olanadək veriləcək. Dövlət proqramları və tələbə mübadiləsinə dair hökumətlərarası təqaüd proqramları çərçivəsində təhsil alan çağırışçılar istisna təşkil edəcəkdir.
“Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna təklif edilən digər dəyişikliyə əsasən səfərbərlik üzrə hərbi xidmətə çağırışdan möhlət verilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemində yerləşdiriləcək və həmin məlumat vətəndaşın tanış olması üçün Elektron Hökumət İnformasiya Sisteminə göndəriləcək.
Cinayət Məcəlləsinin 321-ci maddəsinə əlavə edilməsi təklif olunan “Qeyd” hissəsində “çağırışdan boyun qaçırma” əməlinin nədən ibarət olması dəqiq müəyyən olunur. Belə ki, “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşülür. Buna uyğun olaraq, Miqrasiya Məcəlləsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hallarına yeni halın əlavə edilməsi təklif olunur. İnzibati Xətalar Məcəlləsində çağırışçılar və hərbi vəzifəlilər haqqında aidiyyəti orqanlar tərəfindən məlumatların vaxtında verilməməsinə görə inzibati məsuliyyəti müəyyən edən maddənin dispozisiyası dəqiqləşdirilir və bu inzibati xətaya görə məsuliyyət sərtləşdirilir.
Digər qanunlara dəyişikliklər isə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda mövcud olan müddəalardan və bu layihə ilə təklif edilən dəyişikliklərdən irəli gəlir.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
ZÜMRÜD