Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında investisiyaların təşviqini müzakirə edib
İqtisadiyyat naziri Mikayıl Cabbarovun Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində Azərbaycan və Səudiyyə Ərəbistanı ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə edib.
Nazirliyin məlumatında deyilir ki, M. Cabbarov Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid bin Əbdüləziz Əl - Falihlə görüşüb. Azərbaycan-Səudiyyə Ərəbistanı iqtisadi əlaqələrinin inkişaf etdiyi, biznes dairələri arasında işgüzar münasibətlərin genişləndiyi vurğulanıb. Tərəflər ölkələrimizin dayanıqlı inkişaf hədəflərinə uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi, ticarət və investisiyaların təşviqi imkanlarını müzakirə ediblər.
Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdül Əziz bin Salman Əl-Səudla keçirilən görüşdə ölkələrimizin "yaşıl enerji" gündəliyinin prioritet istiqamətləri, bu sahədə birgə fəaliyyətin uğurlu nəticələri və ölkələrimiz üçün faydaları barədə fikir mübadiləsi aparılıb. Enerji keçidində potensial layihələr üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Mətləb Salahov