Rumıniyada prezident seçkilərinin nəticələri Rusiyaya görə ləğv edildi – Georgeskunu onlar seçdiriblər...
Rumıniya Konstitusiya Məhkəməsi müstəqil namizəd Kelin Georgeskunun qalib gəldiyi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib. Georgesku, Rusiya prezidenti Vladimir Putinin vətənpərvərliyini tərifləyən və NATO-nu tənqid edən keçmiş bəyanatlarına görə ölkədə “rusiyayönlü” siyasətçi kimi tanınır. Məhkəmənin səslərin yenidən hesablanmasından sonra birinci turun nəticələrini təsdiq etməsinə baxmayaraq, nəticələrin ləğvinə dair qərar qəbul edilib.
Məhkəmənin qərarına görə, seçki prosesi yenidən başlayacaq və hökumət yeni prezident seçkilərinin tarixini müəyyənləşdirəcək. Bundan əvvəl birinci tur noyabrın 24-də, ikinci tur isə dekabrın 6-na planlaşdırılırdı. Rumıniya Seçki Komissiyası elan etmişdi ki, nəticələr ləğv olunarsa, seçkilər müvafiq olaraq dekabrın 15 və 29-da keçirilə bilər.
İfrat sağçı “Rumıniya Birlik Alyansı”nın keçmiş üzvü Kalin Georgeskunun seçki yarışında şansı zəif dəyərləndirilirdi. Lakin o, ilk turda 22,9 faiz səs toplayaraq önə çıxıb. Onunla ikinci tura keçən digər namizəd isə “Rumıniyanın Azadlığı Uğrunda Alyansın” lideri Yelena Laskoni olub (19,8 faiz). Seçkilərdə favorit kimi göstərilən baş nazir Marsel Çolaku isə üçüncü yeri tutub.
Xatırladaq ki, noyabrın 28-də Konstitusiya Məhkəməsi Seçki Komissiyasına birinci turun nəticələrini yenidən saymağı, sonra isə nəticələri təsdiq etməyi tapşırmışdı. Lakin bir neçə gün əvvəl Rumıniyanın yüksək təhlükəsizlik şurası bir sıra sənədləri məxfilikdən çıxararaq “xaricilərin seçkilərə müdaxiləsini” iddia edib. Şura iddia edir ki, Rusiya seçkilərə müdaxilə edib və sosial media platformalarında Georgeskuya dəstək cəhdləri olub.
TAHİR