Rusiyalı nazir COP29-da yekun sənədin qəbulunu Azərbaycanın diplomatik qələbəsi adlandırdı
BMT-nin beynəlxalq iqlim konfransında (COP29) yekun sənədin qəbulu Azərbaycanın diplomatik qələbəsidir.
Bu barədə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov “İnterfaks” agentliyinə müsahibəsində bildirib. Nazir qeyd edib ki, fikir ayrılıqlarına baxmayaraq, konfransda iştirak edən bütün ölkələr yekun sənədi razılaşdırıblar. “Burada Azərbaycanın Sədrliyinin əsas rolunu və onların komandasının danışıqlarda ustalığını ayrıca qeyd etmək istərdim. Bu, şübhəsiz ki, onların diplomatik qələbəsidir”, - deyə Reşetnikov vurğulayıb.
Nazir iştirakçılar tərəfindən karbon vahidlərinin beynəlxalq satışı ilə bağlı qaydanın təsbit edilməsini Bakıda keçirilən konfransın növbəti qələbəsi adlandırıb. “Bizim üçün vacibdir ki, əldə edilmiş razılaşmalarda ölkələrin karbon bazarlarının yaradılmış infrastrukturuna bərabər çıxış prinsipi təsbit edilib. Rusiya layihələri və karbon vahidləri siyasi motivli məhdudiyyətlərlə üzləşməməlidir”, - deyə Rusiya Federasiyasının iqtisadi inkişaf naziri bildirib.
Reşetnikov, həmçinin qeyd edib ki, COP29-da qazıntı yanacaqdan imtina edilməsi ilə bağlı müzakirələr aparılıb. Ötən il qlobal karbon neytrallığına nail olmaq üçün balanslaşdırılmış tədbirlər kompleksini formalaşdırmaq mümkün oldu. Buraya təkcə qazıntı yanacağından keçid deyil, həm də bərpaolunan enerjinin, elektrik nəqliyyatının, nüvə enerjisinin inkişafı və enerji səmərəliliyinin artırılması daxildir. “Rusiya hesab edir ki, indi məsələ bu razılaşmaları ədalətli və effektiv şəkildə həyata keçirməkdən ibarətdir və bizim mövqeyimiz inkişaf etməkdə olan ölkələrin əksəriyyəti, ilk növbədə BRICS ilə uyğundur. Söhbət maliyyə və beynəlxalq texnoloji əməkdaşlığın keyfiyyətcə yeni formalarından getməlidir”, - deyə o bəhs edib. Nazirin fikrincə, inkişaf etmiş dünya birmənalı olaraq belə dialoqa hazır deyil.
ZÜMRÜD