ABŞ-nin Qazaxıstandakı səfiri istefa verdi
ABŞ-nin Qazaxıstandakı səfiri Deniel Rozenblum 2025-ci il yanvarın 20-də öz vəzifəsindən ayrılacaq. Trend xəbər verir ki, səfir, ABŞ Dövlət Departamentində 28 illik fəaliyyətindən sonra təqaüdə çıxacaq.
Qeyd edilir ki, Deniel Rozenblum 2022-ci ilin noyabr ayından etibarən ABŞ-nin Qazaxıstandakı diplomatik missiyasına rəhbərlik edirdi.
“Səfir olaraq Qazaxıstanda çalışmaq həyatımın ən böyük şərəflərindən biri idi. Xüsusilə qazax xalqını yaxından tanımaq, ölkənin müxtəlif bölgələrini ziyarət etmək və Qazaxıstanın zəngin tarixini öyrənmək mənim üçün unudulmaz bir təcrübə idi. Bu dövr qazax mədəniyyətinə və ənənələrinə dərin hörmət bəsləməyimə səbəb oldu”, - deyə D.Rozenblum bildirib.
Səfir, yeni səfir təyin olunana qədər missiyaya rəhbərlik edəcək müvəqqəti işlər vəkili Debora Robinsonun ABŞ-nin Qazaxıstandakı fəaliyyətini uğurla davam etdirəcəyinə əminliyini ifadə edib. O, həmçinin Almatıdakı Baş Konsul Mişel Yerkin və həm Astanadakı, həm də Almatıdakı səfirlik əməkdaşlarının səylərini yüksək qiymətləndirərək, onların missiyanın hədəflərinə nail olmaqda mühüm rol oynadıqlarını vurğulayıb.