Qərbi Azərbaycan İcması 2 beynəlxalq konfransın arasında - hansı yolu keçdik?..
Hikmət Babaoğlu: “Qərbi Azərbaycana qayıdış Azərbaycanın milli prioritetlərindən biridir”
Dekabrın 5-6-da Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ - Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək. Qərbi azərbaycanlıların başlarına gələnlər və onların qayıdış hüququnun diqqət mərkəzində olacağı tədbirə 51 ölkədən 100-dən çox xarici iştirakçının qatılacağı gözlənilir.
Qeyd edək ki, tədbirdə Qərbi azərbaycanlıların Ermənistandan zorla çıxarılmasının tarixi, onların qayıdış hüququnun əsasları, mədəni irsinin bərpası və bu sahədə diplomatik səylər müzakirə ediləcək.
Bildirdiyimiz kimi, dekabrın 5-6-da Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda ikinci beynəlxalq konfransı keçiriləcək. Maraqlıdır, Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən konfransların nə kimi əhəmiyyəti var?
“Konfrans Qərbi Azərbaycana qayıdışda hüquqi və tarixi baxımdan məsuliyyət daşıyan Ermənistanın da diqqətini cəlb edəcək”
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu “Bakı-Xəbər”ə şərhində bildirdi ki, həqiqətlərin dünyaya çatdırılması baxımından Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən konfrans əhəmiyyətlidir: “Qərbi Azərbaycana qayıdış Azərbaycanın milli prioritetlərindən biridir. Əldə edilən tarixi zəfərdən sonra real əsaslar yaranıb. Azərbaycan Prezidentinin konseptual məzmunlu, Qərbi Azərbaycanla qayıdışla bağlı hədəfləri bu gün heç olmadığı qədər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməkdədir. Şübhəsiz bu Qərbi Azərbaycana qayıdışla bağlı inancı artırır. Bu səbəbdən də belə bir konfransın təşkil olunması həm tarixi, həm də müasir, beynəlxalq hüquqi konteksdə Qərbi Azərbaycana qayıdış məsələsini elmi, publisist dairələrdə təşviq edəcək. Bu həqiqətə inananlar daha çox olacaq”.
Həmsöhbətimiz hesab edir ki, bu konfrans Qərbi Azərbaycana qayıdışda hüquqi və tarixi baxımdan məsuliyyət daşıyan Ermənistanın da diqqətini cəlb edəcək. Onların reallığı qəbul etməsi yeni imkanlar yaradacaq: “Nəticədə 300 mindən çox qərbi azərbaycanlı bu gün də cibində dünənə qədər vətəndaşı olduğu Ermənistanın vəsiqəsini daşıyır. Onların hər birinin Ermənistanın verdiyi doğum şəhadətnaməsi, digər təhsil və partiya sənədləri var. Məlum faktların beynəlxalq konfransa müzakirəyə çıxarılması bu məsələnin nə qədər zəruri və aktual olduğunu göstərəcək. Həmin konfrans burada iştirak edəcək ziyalılar, tarixçilər, hüquqşunaslar və digər iştirakçılar tərəfindən qiymətləndiriləcək”.
Sonda onu da bildirək ki, dekabrın 5-i Qərbi azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür.
Günel CƏLİLOVA