Hacıqabulda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər tutuldu...
Hacıqabul rayonunda saxta pul dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə rayon ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş E.Eynullayev və N.Cavadov saxlanılıblar. Həmin şəxslərin idarə etdiyi avtomobilə keçirilən baxış zamanı 1 ədəd 20 manatlıq və 33 ədəd 10 manatlıq olmaqla, 350 manat saxta pul, eləcə də narkotik vasitə olan marixuana və metamfetamin aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxslərin rayon ərazisində yerləşən bir neçə marketə saxta pul əsginasları verməyə cəhd etdikləri müəyyən olunub.
Faktla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs-qətimkan tədbiri seçilib. E.Eynullayevin və N.Cavadovun digər analoji faktlarda iştirakının olub-olmaması araşdırılır.
ZÜMRÜD