Bolton xəbərdarlıq etdi - Tramp uduzsa, nəticələri qəbul etməyəcək, 6 yanvar olayları təkrarlana bilər…
ABŞ-da noyabrın 5-də keçiriləcək prezident seçkilərinin final mərhələsi ərəfəsində açıqlanan anketlərdə Donald Tramp və Kamala Harrisin başabaş getdiyi görülür.
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton tərəfindən ortaya atılan bir iddia ölkədə 6 yanvar hadisələrinin təkrarlana biləcəyi qorxusu yaradıb. Donald Tramp dövründə Ağ Evin Milli Təhlükəsizlik müşaviri olmuş Bolton bildirib ki, Demokratlar Partiyasının namizədi Kamala Harris seçkilərdə qalib gəlsə, onun Respublikaçı rəqibi Donald Tramp bu nəticələri qəbul etməyəcək.
CNN televiziyasına danışan Bolton Trampın seçkidə məğlub olacağı təqdirdə nəticələri qəbul edib-etməyəcəyi ilə bağlı suala belə cavab verib: "Xeyr, belə düşünmürəm. Biz buna hazır olmalıyıq".
Qeyd edək ki, 6 yanvar 2021-ci ildə ABŞ-da ifrat sağçı qruplar və Tramp tərəfdarları 3 noyabr 2020-ci il seçkilərinin nəticələrinin təsdiqlənmsi ilə bağlı iclasın keçirildiyi Konqresin binasına basqın ediblər. Basqın zamanı biri polis olmaqla 5 nəfər ölüb.
TAHİR