İsrailin İranın ballistik raket istehsalı mərkəzini vurduğu ortaya çıxdı...
İsrailin bombardmanları nəticəsində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ballistik raketlərin istehsal olunduğu kosmik mərkəzi zədələnib
Ötən həftə İsrailin bombardmanları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun ballistik raketlər istehsal edən və kosmik raketlər buraxan mərkəzi zədələnib. Bu barədə “Associated Press” məlumat yayıb.
Nəşrin iddiasına görə, peyk görüntülərinin təhlili Tehrandan 370 kilometr şimal-şərqdə yerləşən Semnandakı Şahrud Kosmik Mərkəzinin zədələndiyini göstərir.
Görüntülərdə aydın olur ki, kosmik mərkəzin əsas binasına, ona bitişik bir neçə binaya və anqara ziyan dəyib.
İranın müdafiə naziri Əziz Nəsirzadəisə deyir ki, İsrailin İranın hərbi obyektlərinə endirdiyi zərbə raket istehsalı prosesində heç bir fasiləyə səbəb olmayıb.
O bildirib: “Hücum silahlarının, o cümlədən raketlərin istehsalında heç bir problem və ya uğursuzluq yaranmayıb”.
Nəsirzadə qeyd edib ki, İsrailin İranın müdafiə və hücum imkanlarına zərbə vurmaq cəhdi uğursuz alınıb.
TAHİR