35-40 faizlə kredit verəsən, həm də ziyanla işləyəsən - bizdə belə də olur…
Kamran Məmmədli: “Kredit İttifaqları vergi verməmək üçün zərərlə işlədiyini elan edir və beləliklə böyük məbləğdə vergidən yayınır”
Azərbaycandakı kredit ittifaqları bu ilin yanvar-sentyabr aylarını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 76,6 faiz çoxdur.
9 ay ərzində kredit ittifaqlarının gəlirləri 1,6 milyon manat (illik müqayisədə 5,9 % az), xərcləri 1 milyon manat (eyni qalıb), xüsusi ehtiyatlara ayırmaları 1,2 milyon manat (20 % çox), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 0,1 milyon manat (1 il bundan əvvəl olmayıb) təşkil edib.
Bu il oktyabrın 1-nə kredit ittifaqlarının aktivləri 12,7 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 7,3 % azdır. Bunun 10,9 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Hesabat dövründə kredit ittifaqlarının öhdəlikləri 8,3 % azalaraq 3,3 milyon manata, balans kapitalı isə 6,9 % azalaraq 9,4 milyon manata düşüb.
Qeyd edək ki, bu gün vətəndaşlar müxtəlif qurumlara müraciət etməklə kredit əldə etməyə çalışır. Onlardan biri də kredit ittifaqlarıdır ki, burada 35-40 faizlə kredit verirlər.
Maraqlıdır, bu qədər yüksək faizlə kredit verən qurum niyə zərərlə işləyir və belə olduğu halda artıq əhali onlara etibar edəcəkmi?
“Kredit ittifaqları neçə ildir ki, ili zərərlə başa vurur, bu qurumlar ili zərərlə başa vursa da, onların fəaliyyətinin dayandırılması…”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kredit ittifaqları böyük maliyyə qurumu sayılmır: “Kredit İttifaqları” haqqında qanun var. Həmin qanunda qeyd edilir ki, bu qurum könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Könüllülük əsasında fiziki şəxslər və kiçik sahibkarlar toplaşır. Bunlar öz pullarını ortaya qoyur və bir-birinə kredit verir: “Bank və BOKT-dan fərqli olaraq, kredit ittifaqları geniş kütləyə kredit vermir, şəxsi vəsaitləri hesabına və yalnız öz əhatələrinə kredit verir. Ümumiyyətlə, kredit ittifaqları neçə ildir ki, ili zərərlə başa vurur. Bu qurumlar ili zərərlə başa vursa da, onların fəaliyyətinin dayandırılması sahibkarların verəcəyi qərardan asılıdır. Onu da deyim ki, kredit ittifaqı dövlət büdcəsinə 20 faiz vergi verməlidir. Ancaq vergi verməmək üçün zərərlə işlədiyini elan edir və beləliklə böyük məbləğdə vergidən yayınırlar”.
Günel CƏLİLOVA