İcra başçısını güdüb, öldürmək istəyibmiş - Lənkəranın icra başçısına sui-qəsd hazırlayan şəxs məhkəmə qarşısında...
Lənkəranın icra başçısı Taleh Qaraşovun həyatına sui-qəsd etmək istəyən Bəhruz Əskərovun cinayət işi üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Trend xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Bəhruz Əskərov qeyriləri ilə cinayət əlaqəsinə girərək terrorla əlaqəli ağır cinayətlər törətməyi planlaşdırmaqda ittiham edilir.
Təqsirləndirilən şəxs Bəhruz Əskərov verilən ittihamlarla özünü qismən təqsirli bilib.
Məlum olub ki, B.Əsgərov müxtəlif vaxtlarda T.Qaraşovu onu təqib edib, işə gəlib-getmə vaxtlarını öyrənib. Ona qarşı sui-qəsd təşkil etmək üçün plan qurub.
Dövlət ittihamçısı məhkəmə istintaqının ilk olaraq təqsirləndirilən şəxsin ifadəsi ilə davam etdirilməsini təklif edib. Ancaq vəkil məhkəmə prosesinin zərərçəkən və şahidlərin ifadələri ilə davam etdirilməsini istəyib, həmçinin bildirib ki, təqsirləndirilən şəxs Bəhruz Əskərov sonda ifadə vermək istəyir.
Xatırladaq ki, DTX-də aparılan araşdırmalar zamanı Azərbaycan Respublikasının vətəndaşı, Rusiya Federasiyasının Murmansk şəhərində yaşayan 1988-ci il təvəllüdlü Bəhruz Əliməmməd oğlu Əsgərovun digər şəxslərlə əlaqəyə girərək ölkə ərazisində ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan hərəkətləri etməklə müşayiət olunan terror aktı törətməyə hazırlıq görməsinə əsaslı şübhələr yaranıb.
Müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib.
Həmçinin B.Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib.
Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində B.Əskərovun tutularaq Cinayət Məcəlləsinin 28,120.2.1, 28,120.2.10, 28,120.2.11, 28,120.2.12 (qabaqcadan əlbir olan bir qrup şəxs halında milli, irqi, dini ədavət və düşmənçilik zəminində təkrar adam öldürməyə hazırlıq), 28,214.2.1, 28,214.2.3 (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terror aktı törətməyə hazırlıq), 28,214-3.1 (terrorçuluqla əlaqədar təlim keçməyə hazırlıq), 28,277 (dövlət xadiminin həyatına sui qəsd etməyə hazırlıq) və 28,278.1-ci (dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hazırlıq hərəkətləri) maddələri ilə Azərbaycan Respublikasında cinayət məsuliyyətinə cəlb edilməsi təmin olunub, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Eyni zamanda müəyyənləşdirilib ki, B.Əskərov sövdələşərək əlaqə yaratdığı şəxslərin xarici dövlətin ərazisində hərbi təlimlər keçməsini təşkil etməyi planlaşdırmış, lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib.