Ermənistan özünün üzv olduğu BCM-də mühakimə olunacaq?..
Mübariz Göyüşlü: “Azərbaycan tərəfinin haqlı tələbi Ermənistan tərəfindən yerinə yetirilməlidir”
İkinci Qarabağ müharibəsinə qədər Azərbaycan işğal edilmiş torpaqlarımız və ermənilər tərəfindən öldürülmüş vətəndaşlarımızın hüquqlarının qorunması üçün lazım olan addımları atıb.
Beynəlxalq ictimaiyyət qarşısında çıxışlar edilirdi, həqiqətlərimizin dünyaya çatdırılması üçün bütün işlər görülürdü. Ancaq xalqımıza və dövlətimizə dəyən mənəvi-maddi ziyanlarla bağlı beynəlxalq təşkilatlar hər zaman səssizlik nümayiş etdiriblər.
Vətən müharibəsindən ötən 4 ilə yaxın müddət ərzində də ölkəmiz müharibə vaxtı ermənilərin törətdiyi terror aktları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib. Azərbaycan həqiqətlərin dünyaya çatdırılması uğrunda hər zaman mübarizəsini davam etdirib. Bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial şəbəkədə etdiyi paylaşımda bildirib ki, Ermənistan, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü kimi, Azərbaycanın günahsız mülki əhalisinə qarşı ağır cinayətlər törətmiş bütün hərbi cinayətkarları ədalət məhkəməsinə vermək öhdəliyi və hüquqi məsuliyyət daşıyır.
“Ermənistan sülh sazişinin reallaşmasını doğrudan da istəyirsə, ağır cinayətlər törətmiş erməniləri, caniləri tapıb, Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etməlidir”
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzvü olan Ermənistan Azərbaycana etdiklərinə görə cəzalandırılması barədə fikir bildirən siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan tərəfinin bu tələbi haqlıdır: “Ermənistan sülh sazişinin reallaşmasını doğrudan da istəyirsə, ağır cinayətlər törətmiş erməniləri, caniləri tapıb, Beynəlxalq Cinayət Məhkəməsinə təqdim etməlidir. Məlumdur ki, Birinci və İkinci Qarabağ müharibəsində ermənilər Azərbaycanın mülki əhalisinə qarşı terror təxribatı törədiblər. Birinci və İkinci Qarabağ müharibəsi zamanında ölkə əhalisi, eyni zamanda, beynəlxalq ictimaiyyət ermənilərin cinayət, terror təxribatının şahidi oldu. Baş vermis hadisələrin sübutu var. Bu səbəbdən də hesab edirəm ki, Azərbaycan tərəfinin haqlı tələbi Ermənistan tərəfindən yerinə yetirilməlidir. Bu tələb olduqca düzgün və ədalətlidir. Ermənistan törətdiyi cinayət əməlinə görə cəzalandırılmalıdır”.
Günel CƏLİLOVA