Gürcü spiker xəbərdarlıq etdi - müxalifət dövlət çevrilişi hazırlayır...
Radikal müxalifət dövlət çevrilişi ssenarisini izləyir və konstitusion quruluşa qarşı gedir, ancaq gürcü xalqı belə hərəkətlərə yol verməyəcək. Bunu “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası Siyasi Şurasının üzvü, parlamentin sədri Şalva Papuaşvili deyib.
Papuaşvili bildirib ki, gürcü xalqı bu cür fəaliyyətləri dəstəkləməyəcək: “Müxalifət cəbhəsində hər şey əvvəlcədən yazılmış ssenari üzrə gedir. Onlar texniki hökumət barədə danışırdılar. Biz bunu 1990-cı illərdən bəri xatırlayırıq. Onlar hakimiyyəti güc yolu ilə ələ keçirəndə texniki hökumət qururlar. Ona görə də müxalifət bütün bu ssenariyə hazırlaşıb”.
Parlament sədrinin sözlərinə görə, müxalifət seçkiləri qeyri-legitim elan etmək, texniki hökumət qurmaq, bir sözlə, bu mövzuda hər şeyə hazırlaşıb. “Onların izlədiyi çevriliş ssenarisidir və bu, əlbəttə ki, konstitusion quruluşa, demokratik seçkilərə və prinsiplərə ziddir. Ancaq əlbəttə gürcü xalqı belə hərəkətlərə imkan verməyəcək”, - deyə Ş.Papuaşvili vurğulayıb.
ZÜMRÜD