Əhliman Əmiraslanov Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb
Azərbaycan Respublikası Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı Ağalar Vəliyev TÜRKPA Müşahidə Missiyasının tərkibində Ali Məclisin Qanunvericilik Palatasına keçirilən seçkilərin qısamüddətli müşahidə proqramı çərçivəsində Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzila Narbayeva ilə görüşüb. TÜRKPA üzv ölkələrinin parlamentarilərindən ibarət Missiyanı salamlayan xanım Narbayeva bildirib ki, beynəlxalq müşahidəçilər arasında TÜRKPA nümayəndə heyətinin olması böyük şərəfdir. Türk dövlətləri arasında iqtisadi, sosial, mədəni və humanitar əlaqələrin inkişaf etdiyini vurğulayan xanım Sədr bu məsələlərə Parlamentdə böyük önəm verildiyini qeyd edib. Seçkilər haqqında məlumat verən Tənzilə Narbayeva bu seçkilərin keçən il keçirilən Konstitusiya referendumundan sonra ən böyük siyasi hadisə olduğunu vurğulayıb.
Əhliman Əmiraslanov Tənzilə Narbayevaya Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın səmimi salamlarını çatdırıb və seçkilərdə uğurlar arzu edib. Cənab Əmiraslanov ölkədə keçirilən demokratik islahatları yüksək qiymətləndirdiyini qeyd edib. Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətlərinə toxunan Əhliman Əmiraslanov 44 günlük Vətən müharibəsində Özbəkistanın Azərbaycana dəstək olan ölkələr arasında olduğunu xüsusilə vurğulayıb. Cənab Əmiraslanov bildirib ki, Özbəkistan Qarabağ iqtisadi rayonunun yenidən qurulmasında yaxından iştirak edir və bu baxımdan Fizuli şəhərində Mirzə Uluqbəy adına orta məktəbin inşası xüsusilə təqdirə layiqdir. Bununla bağlı Əhliman Əmiraslanov qardaş Özbəkistan xalqına bir daha dərin təşəkkürünü ifadə edib.
Görüşdə Türk dövlətləri arasında birlik və bu birliyin əhəmiyyəti xüsusilə vurğulanaraq, ölkələrin zəngin mədəni irsi və ortaq dəyərlərinin qorunmasına toxunulub. Eyni zamanda ölkələrin ictimai və siyasi proseslərində qadın və gənclərin rolunun artdığı və bu istiqamətdə həyata keçirilən beynəlxalq fəaliyyət qeyd olunub. Həmçinin Türk dövlətlərinin parlamentləri ilə qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsi və Özbəkistanın TÜRKPA-nın fəaliyyətində iştirakına dair məsələlər də müzakirə edilib.
İradə