Gürcü spiker xəbərdarlıq etdi - 2020-ci il ssenarisinin təkrarı hazırlanır, seçkilərindən sonra...
“Parlament seçkilərindən bir gün sonra 2020-ci il ssenarisi təkrarlana bilər. Aparılan müşahidələr belə deməyə əsas verir”. Bu sözləri Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bu gün “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının mərkəzi qərargahında keçirdiyi brifinqdə söyləyib.
Onun sözlərinə görə, oktyabrın 27-də 2020-ci il ssenarisinin təkrarı baş verə bilər. O zaman QHT-lərin və müxalifətin birgə fəaliyyəti ilə qeyri-demokratik yollarla hakimiyyətin dəyişdirilməsinə cəhd olunmuşdu: “Biz bu gün 27 oktyabr üçün hazırlıqların olduğunu göstərən əlamətləri görürük. Buna, bir tərəfdən, qeyri-hökumət təşkilatlarının partiyalaşması, digər tərəfdən isə müxalifətin seçki kampaniyası aparmaması ilə bağlı faktlar işarə edir”.
Parlamentin sədri əlavə edib ki, 2020-ci il ssenarisinin təkrarı hazırlanır: “Buna görə də sabah hər kəsin seçkilərə gəlməsi və bu xəyanət ssenarisinə yox deməsi vacibdir. Bizim əsas gücümüz xalqdadır. Hər kəs “Gürcü Arzusu-Demokratik Gürcüstan” dəstək olmalı və bununla da bizim təmin etdiyimiz sülhə dəstək verməlidir. Müxalifət, bir qrup qeyri-hökumət təşkilatı və bəzi xarici qüvvələr bizi ölkənin dağıdılmasına yönəltməyə çalışsalar da, bu istiqamətdə bir santimetr belə geri çəkilmədik. Biz həm sülhü, həm də iqtisadi artımı qoruyub saxladıq. Bu gün Avropada birinciyik”.
“Ümumdünya Valyuta Fondunun proqnozuna görə, 2029-cu ilə qədər Gürcüstan Avropada iqtisadi artım tempi ilə ilk ölkə olacaq. Əslində, bunu əngəlləmək istəyirlər",- deyə, Papuaşvili bildirib.
ZÜMRÜD