Şimali Koreyanın Rusiyaya göndərdiyi 12 min əsgər Kurska yeridildi - Ukrayna kəşfiyyatı açıqladı, ABŞ da hərəkətə keçdi...
Üç ilə yaxındır dayanmadan davam edən Rusiya-Ukrayna müharibəsi getdikcə daha təhlükəli şəkil alır. Günlərdir Şimali Koreyanın Rusiyaya on mindən çox əsgər göndərdiyi barədə xəbərlər yayılır. Son məlumatlara görə, Şimali Koreya ordusunun ilk bölmələri artıq Rusiya-Ukrayna müharibəsində döyüş bölgəsinə çatıb.
Ukrayna kəşfiyyatının açıqlamasına görə, Rusiyada təlim keçmiş 12 min Şimali Koreya əsgəri Ukraynanın avqustda ələ keçirdiyi Rusiyanın Kursk bölgəsində yerləşdirilib.
Qeyd edilir ki, Şimali Koreya ordusunun Rusiyanın şərqində təlim keçən ilk bölmələri artıq Rusiya-Ukrayna müharibəsinin döyüş bölgəsinə çatıb. Onların Kursk vilayətinə oktyabrın 23-də çatdığı qeyd edilir.
Ukrayna kəşfiyyatı hazırda Rusiyada 500-ü zabit və 3-ü general olmaqla ümumilikdə 12 minə yaxın Şimali Koreya əsgərinin olduğunu, 5 hərbi bazada təlim keçdiyini və təlimlərə birbaşa Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun nəzarət etdiyini bildirib.
ABŞ Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Turner də Şimali Koreyanın Rusiyaya dəstək üçün Ukraynaya qoşun göndərməsilə bağlı X hesabından açıqlama yayıb. Turner bildirib ki, Şimali Koreya qoşunları Ukraynanın suveren ərazisini işğal edərsə, ABŞ Şimali Koreya qoşunlarına qarşı birbaşa hərbi əməliyyatlar aparmaq barədə ciddi düşünməlidir.
ABŞ-ın müdafiə naziri Austinin də Şimali Koreyanın Ukrayna ilə müharibədə olan Rusiyaya dəstək üçün əsgər göndərdiyi iddialarını təsdiqlədiyini xatırladan Turner deyib ki, Bayden administrasiyası Şimali Koreya əsgərlərinin bu münaqişəyə girməsinin ABŞ üçün qırmızı xətt olduğunu açıq şəkildə bildirməlidir.
"Şimali Koreya qoşunları Rusiya ərazisindən Ukraynaya hücum edərsə, Ukraynaya cavab vermək üçün Amerika silahlarından istifadə etməyə icazə verilməlidir", - deyə Turner bildirib.
Amerikalı bir jurnalistin "Peykdən çəkilmiş görüntülər Şimali Koreya qoşunlarının Rusiyada (Kursk) olduğunu göstərir. Onların burada nə işi var və bu, Ukraynada müharibənin şiddətlənməsi deyilmi?" sualını cavablandıran Rusiya prezidenti Putin isə “Fotolar ciddi bir şeydir, əgər görüntü varsa, bu, nəyisə əks etdirir” deyib.
TAHİR