Dövlət Baxçalıdan Öcalanı parlamentə gətirmək təklifi - ardınca terror aktı...
Əli Mustafa: “Öcəlanın həbsdən çıxması PKK daxilində parçalanma yarada bilər”
Məlum olduğu kimi, Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı partiyasının qrup toplantısında bir sıra önəmli açıqlamalarla çıxış edib. MHP lideri təklif edib ki, PKK terror təşkilatının lideri Abdullah Öcalan parlamentə gələrək burada qruplaşmanın buraxılmasını elan etsin.
Sədrin sözlərinə görə, bunun üçün Öcalana parlamentdə çıxış etməyə şərait yaradılmalıdır.
Nəzərə alsaq ki, MHP iqtidar ortağıdır, o zaman Baxçalının belə bir təşəbbüslə çıxış etməsi əsla təsadüfə oxşamır. Çox güman ki, belə bir məsələ ilə bağlı prezident Rəcəb Tayyib Ərdoğanla müəyyən məsləhətləşmələr aparılıb.
Ümumiyyətlə, belə həll variantı Türkiyə üçün nə dərəcədə səmərəli ola bilər? Bunu reallaşdırmaq mümkündürmü? Üstəlik, bu çağırışdan bir gün sonra Ankaranın göbəyində terror aktı törədildi. Nəticədə 5 nəfər həlak olub, 20-dən çox yaralı var.
“Bu gediş xarici qüvvələrin istəklərinə uyğun deyil və o üzdən, terror sifarişini verdilər”
Sözügedən məsələni “Bakı-Xəbər” şərh edən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa buna birmənalı yanaşmadı: “Əvvəla, MHP lideri Dövlət Baxçalının bu çıxışı təsadüfi deyil. O bir dövlət adamıdır, Türkiyədəki milli cameənin lideridir. Bununla yanaşı, iqtidar ortağıdır. Hər halda hesab edirəm ki, Baxçalı ciddi məsləhətləşmələrdən sonra belə bir açıqlama ilə çıxış edib. Türkiyə prezidentinin, eyni zamanda müxalifət liderinin də onu dəstəkləməsi onu göstərdi ki, bu, təsadüfi bir ideya deyil. O cümlədən, Türkiyə dövlətinin maraqları baxımından da anlaşılan odur ki, bu, uğurlu gediş hesab oluna bilər. Ancaq başqa məsələlər də var. Problem ondadır ki, 1999-cu ildə Abdullah Öcalan həbs edildikdən sonra PKK digər sahiblər tapıb. Söhbət ondan gedir ki, digər dövlətlər PKK-ya himayədarlıq edir, ondan maşa kimi istifadə edirlər. O baxımdan sabah Öcalan Türkiyə Böyük Millət Məclisində çıxış etsə belə, PKK-nın birmənalı olaraq onun sözünə əməl edəcəyinə zəmanət yoxdur. O da ola bilər ki, Öcalanın həbsdən çıxması PKK daxilində parçalanma yarada bilər. Ola bilsin, Türkiyənin planı həm də budur. Bu minvalla Öcalanı müdafiə edənlərlə etməyənlərin sərhədləri bəlli olar. PKK-nın ipinin kim tərəfindən tutulduğu barədə məsələlər aydınlaşacaq. Bütün hallarda onun gəlib çıxış etməsi Türkiyə dövlətinin maraqları baxımından və kürdlərin də maraqları baxımından faydalı bir şeydir. Əslində bu gün kürdlərlə türklərin müharibə etməsinə ehtiyac yoxdur. Bu xalq iç-içədir, bir yerdədir və min illər böyu bir yerdə yaşayıblar. Dinimiz, tariximiz birdir. İstiqlal mücadiləsində də bir yerdə olublar. Bu baxımdan, əslində bu qarşıdurmanın dayandırılması, təbii ki, türk və kürd millətlərinin xeyrinədir. Hər iki tərəfin maraqlarına cavab verir. Ancaq bu millətləri üz-üzə qoyanların maraqlarına uyğun deyil. Hesab edirəm ki, Ankarada baş verən terrorun səbəbini də burada axtarmaq lazımdır. Deməli, bu gediş xarici qüvvələrin istəklərinə uyğun deyil və o üzdən terror sifarişini verdilər. Lakin düşünürəm ki, Türkiyə dövləti əzmlə öz siyasətini həyata keçirəcək”.
Vidadi ORDAHALLI