Ermənistan sərhədlərlə bağlı 70-ci il SSRİ xəritələrindən imtina edir...
Əli Orucov: "Ermənistan hakimiyyəti həm daxili, həm də xarici basqılar altında olduğundan, sistemli addımlar ata və ardıcıl siyasət yürüdə bilmir"
Ermənistan parlamenti Azərbaycanla sərhədin delimitasiyası üzrə dövlət komissiyalarının reqlamentini ratifikasiya edib. Erməni mediası yazır ki, səsvermədə yalnız hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar iştirak edib. Bitərəf və əleyhinə səs verən olmayıb.
Müxalifətin “Hayastan” və “Şərəfim var” fraksiyaları müzakirə və səsvermədə iştirak etməyib. 67 deputat sənədin lehinə səs verib.
Xatırladaq ki, Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnaməni 2024-cü il avqustun 30-da imzalayıblar. Bu sənədə görə, İrəvan və Bakı 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq demarkasiyanı həyata keçirməyə razılaşıblar, lakin bu razılaşma yekun deyil. Reqlamentdə qeyd olunur ki, proses gələcəkdə sülh sazişi qəbul edildikdən sonra başqa prinsiplərə uyğun da davam etdirilə bilər.
Ermənistan hökumətinin məsələyə baxışındakı dəyişikliyi açıqlayan baş nazirin müavini Mher Qriqoryan qeyd edir ki, 1970-ci illərə aid sovet hərbi xəritələri Azərbaycanla sərhədin çəkilməsində tək texniki plan deyil. Bu yaxınlaradək Ermənistan hökuməti sərhədin delimitasiya və demarkasiya prosesində həmin xəritələrə əsaslanmaqda təkid edib. Rəsmi Bakı Ermənistanın dəstəklədiyi mexanizmi rədd edib.
SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının 1976-cı il xəritələri əslində SSRİ-nin dağıldığı dövrdə de-yure hüquqi əsası olan xəritədir. Ermənistan Respublikası hökumətinin prinsipial yanaşması var idi ki, Ermənistanla Azərbaycan arasında yeni sərhəd yaradılmasın, SSRİ-nin dağılması zamanı de-yure mövcud olan sərhəd bərpa edilsin. Yəni Ermənistan əvvəllər deyirdi ki, delimitasiya 70-ci illərin xəritəsinə əsasən aparılmalıdır. İndi isə deyirlər bu, risqlər yarada bilər, amma başqa təklif də yoxdur. Ermənistan hansi risqləri nəzərdə tutur və nəyə görə əvvəlki mövqelərindən geri çəkilirlər?
Politoloq Əli Orucov sualımıza cavabında bildirdi ki, Ermənistanın hər dəfə bir bəhanə uydurması yeni deyil və son da olmayacaq: "İrəvan əvvəlcə 1991-ci il Alma-Ata bəyannaməsi üzrə sərhədlərin demarkadiya və delimitasiyasına razılıq versə də, sonradan görünür prosesin sonadək razılaşma üzrə aparılması erməniləri qane etmədi. Ermənistan hakimiyyəti həm daxili, həm də xarici basqılar altında olduğundan, sistemli addımlar ata və ardıcıl siyasət yürüdə bilmir. Delimitasiyanın ləngiməsi həm də bu təzyiqlərdən qaynaqlanır. Sərhədlərin dəqiqləşdirilməsi sülh prosesinin vacib elementlərindən biridir. Əgər iki ölkə arasında sərhədlər müəyyənləşməsə, hipotetik olaraq sülh sazişi imzalansa da, Ermənistanla Azərbaycan arasında zaman-zaman gərginliklər yaçanacaq. Bu da nəticə etibarı ilə normal münasibətlərə ciddi xələl gətirəcək. Mən hesab edirəm ki, Alma-Ata bəyannaması əsasında delimitasiya Ermənistan üçün heç bir risq yaratmır. Ermənilər sadəcə işğal etdikləri əraziləri könüllü şəkildə qaytarmaqdan boyun qaçırırlar. Məncə, proses sonadək yekunlaşmasa sülh prosesinə də mənfi təsiri olacaq. Bu isə onsuz da mürəkkəb vəziyyətdə olan region üçün əlavə təhdidlər deməkdir".
Dəniz NƏSİRLİ