Muxtar Babayev Vaşinqtonda Asiya İnkişaf Bankının rəhbəri ilə görüşüb
COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev və Asiya İnkişaf Bankının (ADB) rəhbəri Masasuqu Asakava Vaşinqtonda iqlimin maliyyələşdirilməsinin innovativ üsullarını müzakirə ediblər. Bu barədə ADB rəhbəri "X" sosial şəbəkəsindəki paylaşımında bildirib. O qeyd edib ki, iqlimin maliyyələşdirilməsinin həcminin artırılması qlobal istiləşmənin səbəb olduğu artan iqtisadi problemlərin həllinin yeganə yoludur və Çoxtərəfli İnkişaf Bankları bu səylərə tam töhfə verməlidir.
“Vaşinqtonda COP29-un prezidenti Muxtar Babayevlə ADB-nin töhfələrini, o cümlədən 100 milyard dollarlıq iqlim maliyyəsi təşəbbüsünü, innovativ maliyyələşdirmə üsullarını və artan kredit imkanlarını müzakirə etdik”, - M.Asakava açıqlayıb. O, həmçinin COP29 Sədrliyinin bu məsələlərə göstərdiyi diqqəti yüksək qiymətləndirib. "Mən gələn ay Bakıda keçiriləcək COP29 görüşlərini səbirsizliklə gözləyirəm", - ADB rəhbəri əlavə edib.
Mətləb Salahov