"COY19-la bağlı Azərbaycana 400-dən çox gənc gələcək" - Leyla Həsənova
COP29-dan öncə baş tutacaq Gənclər Konfransı (COY19) ilə bağlı dünyanın müxtəlif ölkələrindən 400 nəfərdən çox gənc Azərbaycanda toplaşacaq.
Trend xəbər verir ki, bu barədə “Uniform Distribution and Accreditation Center”in (UDAC) açılış mərasimində COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, COP29-un baş turmasına 22 gün qalıb və COP öncəsi son hazırlıqlar görülür.
“Gənclərin tədbirdə rolu və iştirakı maksimum səviyyədə olacaq. COP29-dan öncə baş tutacaq Gənclər Konfransı (COY19) ilə bağlı dünyanın müxtəlif ölkələrindən 400 nəfərdən çox gənc Azərbaycanda toplaşacaq.
Gənclər Konfransının qərarı COP29-un Katibliyinə də təqdim ediləcək ki, tədbirin yekun sənədində məhz gənclərin də rəyi nəzərə alınsın", - deyə o bildirib.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib.