DİN "təhlükəsizlik mütəxəssislərini" özü hazırlayacaq - kibercinayətkarlığa qarşı yeni önləyici addım...
Şəmsəddin Əliyev: “Daxili İşlər Nazirliyinin Polis Akademiyasında İT ixtisasının tədris olunması təqdir olunmalıdır”
Daxili İşlər Nazirliyinin Polis Akademiyası informasiya təhlükəsizliyi (İT) ixtisası üzrə mütəxəssis yetişdirəcək. Bu barədə DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev media nümayəndələrinə açıqlamasında deyib.
O bildirib ki, gələn il - 2025-2026-cı tədris ili üçün Polis Akademiyasına l qrupdan İT ixtisası üzrə qəbul elan ediləcək.
“Azərbaycan Polis Akademiyası dünyanın digər Akademiyaları ilə müqayisədə həm tədris, həm texniki təchizat və digər sahələr üzrə seçilir”
Kibertəhlükəsizlik sahəsi üzrə mütəxəssislərin Polis Akademiyası tərəfindən hazırlanmasının əhəmiyyəti haqqında danışan “Polisə Dəstək” İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev baki-xeber.com-a şərhində bildirdi ki, Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi yaradılıb. İnformasiya təhlükəsizliyi ilə bağlı kifayət qədər narahatlığa səbəb olacaq məlumatlar var: “Cəmiyyət və vətəndaşlar görür ki, Daxili İşlər Nazirliyi, demək olar ki, hər həftə kibercinayətkarlıqla bağlı əhaliyə xəbərdarlıq edir. Bu problemlə bağlı kifayət qədər cinayət hadisəsi qeydə alınır, ifşa olunanlar da var. Avropa ölkələrindən fərqli olaraq, informasiya təhlükəsizliyi ilə bağlı heç bir dövləti yamsılamadan Daxili İşlər Nazirliyi peşəkarlıq əzmi sayəsində yüksək səviyyəli işlər ortaya qoyulub. Növbəti ildən etibarən Polis Akademiyasında informasiya təhlükəsizliyi (İT) ixtisası üzrə mütəxəssis yetişdirilməsi bu sahədə olan boşluqları doldura bilər. Daxili İşlər Nazirliyinin Polis Akademiyasında İT ixtisasının tədris olunması olduqca əhəmiyyətlidir. Azərbaycan Polis Akademiyası dünyanın digər Akademiyaları ilə müqayisədə həm tədris, həm texniki təchizat və digər sahələr üzrə seçilir. Hətta məndə olan məlumata görə, Daxili İşlər nazirliyindəki Polis Akademiyası qardaş Türkiyədə olan Polis Akademiyasından irəlidədir. Nizam-intizam, peşəkarlığın tədrisi, nəzəri-praktiki biliklərin tədrisi, ekspertizanın təyin olunması, krimalistik kabinetlərin olması, ekspertizanın müəyyən edilməsi baxımından geniş bir təcrübə mövcuddur”.
Ş.Əliyev hesab edir ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında İT ixtisasının tədris olunması təqdir olunmalıdır.
Günel CƏLİLOVA