AGF rəsmiləri Qəbələyə gedib
Azərbaycan Güləş Federasiyası (AGF) qarşısında duran prioritet məsələlərdən biri regionlarda infrastrukturun yaxşılaşdırılmasıdır. Bu məqsədlə son illər ölkə güləşində mühüm klublardan birinə çevrilən “Qəbələ” İdman Klubu federasiya tərəfindən zəruri inventarla təmin edilib. Bu gün AGF-nin Hakimlər Kollegiyasının sədri Qərib Əliyev və Regionlar üzrə əlaqələndirici Elfaq Səfərov Qəbələ şəhərinə yollanıb. Bu barədə baki-xeber.com-a Azərbaycan Güləş Federasiyasından bildirilib.
Klubun güləş bölməsində yaradılmış şəraitlə tanış olan federasiya rəsmiləri məşqçilərlə görüşüb, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb və idmançılara öz tövsiyələrini çatdırıblar. Qeyd edək ki, “Qəbələ” İK-da məşqçi-müəllimlər Fərid Mustafayev (sərbəst güləş) və Ruhin Mikayılovun (yunan-Roma güləşi) rəhbərliyi altında 70-dən artıq yeniyetmə güləşlə məşğul olur.
İradə SARIYEVA