Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür
Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halı, taleyi daha çox onun yaradıcılığında öz əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.
Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirləri ilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. O, həm də milli azadlıq ideyalı əsərləri ilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 91-ci ildönümü tamam olur. Böyük sənətkarın təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib.
Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yolu heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.
1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub. Böyük sənətkar 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
Mətləb Salahov