Azərbaycan idmançısı Xorvatiyada qızıl medal qazanıb
Xorvatiyanın Poreç şəhərində çimərlik güləşi üzrə mövsümə yekun vurulub. Bu barədə baki-xeber.com-a Federasiyadan məlumat verilib.
Dünya Seriyasının final mərhələsində ölkəmizi baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) təmsil edib. Güləşçilərimiz həlledici mərhələdə uğurlu çıxış edib.
Ramiz Həsənov A qrupunda fransalı Huqo Kuenoya (2:0), gürcüstanlı Ramaz Zoidzeyə (4:0) və serbiyalı Milyan Rayiçə (3:0) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda Xristoforidis Xristosdan güclü olub – 2:0. Finalda moldovalı Vasile Diakona (0:2) məğlub olan Həsənov final mərhələsini gümüş medalla başa vurub.
İbrahim Yusubov da A qrupunda yer alıb və bu mərhələni maksimum nəticəylə başa vurub. Təcrübəli güləşçimiz moldovalı Trayan Kapatinaya (3:0), ukraynalı Nazar Doda (3:0) və macarıstanlı Patrik Puespoekiyə (3:0) qalib gəlib. Yarımfinalda ukraynalı Oleksey Yakovçuku (3:2) minimal fərqlə üstələyən Yusubov finalda yenidən Kapatinayla qarşılaşıb. Bu dəfə də rəqibinə qalib gələn (3:1) İbrahim final mərhələsində qızıl medal qazanıb.
Yarış başa çatdıqdan sonra Dünya Seriyasının bütün mərhələlərinin xalları toplanıb və dünya mükafatçıları müəyyənləşib. Ramiz yekun nəticəyə əsasən, dünya ikincisi olub. İbrahim isə titulunu növbəti dəfə qoruyub və 3-cü dəfə dünya çempionu olub!
İradə SARIYEVA