İsrail ordusu Suriyaya girdi…
İsrail ordusu zirehli texnikanın müşayiəti ilə Suriyanın Cənubi Kuneytrada Tel El Ahmar yaxınlığında yerləşən Kudna qəsəbəsinə daxil olduğu iddia edilib.
“Al Jazeera” telekanalı bu barədə yerli mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilir ki, İsrail həftə ərzində Suriyanın cənubundakı Kuneytra bölgəsinə hava hücumu həyata keçirib. Suriya mediası hücum nəticəsində bir əsgərin öldüyünü, digərinin isə yaralandığını bildirib.
Dünən isə Qolan təpələrinin kənarındakı Kudna qəsəbəsi yaxınlığında İsrail əsgərləri görünüb.
“Al Jazeera”nin məlumatına görə, əsgərlər buldozerlər və zirehli maşınlarla sözügedən ərazidən təxminən yarım kilometr Suriya ərazisinə daxil olublar və orada qazıntı işləri aparıblar. Qazıntı aparılan ərazinin eni 1 kilometrə çatır.
Telekanala danışan mənbələr qazıntıdan sonra Suriya ərazilərini ilhaq edən İsrail əsgərlərinin ərazinin ətrafına tikanlı məftil çəkdiklərini bildirib.
Qeyd edək ki, İsrail Suriyada vətəndaş müharibəsi başlayan 2011-ci ildən bəri yüzlərlə hava hücumu həyata keçirib və əsasən İranyönlü silahlı qruplaşmaları və “Hizbullah” üzvlərini hədəf alıb.
Keçən ay İsrail xüsusi təyinatlı əsgərlərinin Suriyanın mərkəzində Hama yaxınlığında yerləşən Masyafada helikopterlə əməliyyatı keçirdiyi barədə xəbərlər yayılmışdı. İsrail mediası yazıb ki, Masyafdakı Hərbi Elmi Tədqiqat Mərkəzinə daxil olan əsgərlər bəzi sənədləri götürdükdən sonra obyekti partlayıcılarla məhv ediblər.
TAHİR