"MDB ölkələri yeni böyük layihələrin icrasına başlamaq üçün bütün imkanlara malikdir" - Putin
Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin yeni böyük layihələrin həyata keçirilməsi üçün bütün imkanları var. Trend xəbər verir ki, bu barədə Rusiyanın Prezidenti Vladimir Putin Moskva şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında bildirib.
O, MDB çərçivəsində qarşılıqlı əməkdaşlığın Rusiyanın prioriteti olduğunu vurğulayıb.
“MDB ölkələri bizim ən yaxın qonşularımız, strateji tərəfdaşlarımızdır. Biz əməkdaşlığı gücləndirmək əzmindəyik”, - o qeyd edib.
Putin MDB-nin bugünkü iclasının zəngin gündəliyə malik olduğunu bildirib.
“Biz iqtisadi məsələlərə və ticarətin genişlənməsi perspektivlərinə böyük diqqət ayıracağıq. Yeni böyük layihələrin həyata keçirilməsi üçün bütün imkanlarımız var”, - Rusiya prezidenti əlavə edib.