Daşkəsənin hərbi komissarı həbs olundu
Daşkəsənin hərbi komissarı barəsində həbs qətimkan tədbiri seçilib. Bunu hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.
"Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsinin rəisi vəzifəsini icra edən, mayor Əsgərov Anar Şakir oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi ilə ittiham elan edilib, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək", - o bildirib.