ABŞ-da son Bakı-İrəvan görüşündə hansı konkret “irəliləyiş” oldu...
Afsəddin Nəbiyev: “Onsuz da bu danışıqlarda hansısa bir nəticə mümkün görünmür”
Məlum olduğu kimi, sentyabrın 26-da Nyu-Yorkda ABŞ Dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçirilib.
Görüş BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində baş tutub.
Xarici işlər nazirlərinin iştirakı ilə BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Nyu-Yorkda iki ölkə arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu keçirilib. Tərəflər mümkün qısa müddət ərzində sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Sazişin yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsi barədə razılığa gəliblər. O cümlədən, Azərbaycan və Ermənistan tərəfləri görüşü təşkil etdiyinə görə dövlət katibinə minnətdarlıq bildiriblər.
Görünən odur ki, Blinkenin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü praktiki olaraq nəticəsiz başa çatıb. O baxımdan, ABŞ-da aparılan son danışığı məhsuldar hesab etmək olarmı? Konkret nəticə varmı?
“Görüşdə tərəflərin əlavə səylərini davam etdirməsi müsbət qiymətləndirilə bilər, amma...”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in sədr müavini Afsəddin Nəbiyev hesab edir ki, Blinkenin iştirakı ilə keçirilən görüşü yalnız diplomatik münasibətlər fonunda qiymətləndirmək mümkündür: “Üçtərəfli görüşdən əvvəl də belə hesab edirdik, bu danışıqlarda hansısa bir nəticə mümkün görünmür. Ona görə ki, Azərbaycanın Ermənistana sülh şərtləri bütün dünyanın diqqət mərkəzindədir. Bununla belə, həm də çox sadə şərtlərimiz var. Sülhü şərtləndirən yeganə amil Ermənistanın öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi ola bilər. Bu addımları da hələlik müşahidə etmirik. Hazırda sülh sazişi ilə bağlı vəziyyət belədir ki, Azərbaycanın Ermənistan konstitutsiyası ilə bağlı məlum şərtinə əməl olunmasını görmürük. Erməni tərəfi isə sülh prosesini ləngitmək üçün artıq razılaşdırılmış maddələri yollayıb. Çox güman ki, bu maddələrin içərisində konstitusiya düzəlişləri barədə bənd öz əksini tapmayıb. Ona görə Azərbaycan Prezidenti də bu addımı “mənasız” adlandırdı. Yəni hələlik sülh sazişi ilə bağlı hansısa nikbin fikir söyləmək mümkün deyil. Görüşdə tərəflərin əlavə səylərini davam etdirməsi müsbət qiymətləndirilə bilər. Ancaq hesab edirəm ki, bu görüşlər üçüncü tərəfin vasitəçiliyi olmadan daha uğurlu ola bilər. Bu mərhələdə əsas məsuliyyət Ermənistanın üzərindədir. Ermənistan tərəfi vəziyyəti düzgün analiz edib, qısa müddət ərzində mənfur konstitusiyasında məlum dəyişiklikləri həyata keçirsə, üçüncü tərəf olmadan sülhə nail olmaq olar. Ancaq hələ ki, bunun əlamətləri görünmür”.
Vidadi ORDAHALLI