Fransız nazir İrəvanda Rusiyaya “müharibə elan etdi” - “nəyin bahasına da olsa...”
Məhəmməd Əsədullazadə: “Rəsmi Paris siyasi böhranın dərinləşməsində maraqlıdır”
Fransa xarici işlər naziri Stefan Sejurne Ermənistanı Rusiyanın təzyiqlərindən qoruyacağını elan edib. Rusiyanı Ermənistanın düşməni elan edən Fransa XİN rəhbəri bunları qeyd edib:
“Moskvanın təhdidlərinə və aşkar düşmənliyinə baxmayaraq, erməni xalqına və hökumətinə dəstək veriləcək. Demokratik dəyərlərin qorunmasında hər zaman bizim köməyimizə arxalana bilərsiniz”.
Faktiki olaraq, Fransa bununla İrəvanda Rusiyaya meydan oxuyur. Cənubi Qafqazda geosiyasi qarşıdurmanı körükləyir. Fransa yaxşı bilir ki, Ermənistanın Rusiyadan asılılığı inanılmaz dərəcədə böyükdür. Həm iqtisadi, həm də hərbi baxımdan. Ən azından Ermənistanda Rusiyanın 102-ci hərbi bazası yerləşir, bu ölkənin Türkiyə və İranla sərhədlərini rus sərhədçiləri qoruyur. Bütün bunlara baxmayaraq, Fransa regionda qarşıdurma mühiti yaratmağa çalışır.
“Sejurnenin bu kontekstdə verdiyi açıqlama Kremlin İrəvana təzyiqi üçün əsasların yaradılmasına hesablanıb”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Fransa məqsədyönlü şəkildə belə edir: “Çünki rəsmi Paris siyasi böhranın dərinləşməsində maraqlıdır. Fransanın xarici işlər naziri Ermənistan və Rusiya arasında siyasi böhranın dərinləşməsində maraqlıdır və bu kontekstdə verdiyi açıqlama Kremlin İrəvana təzyiqi üçün əsasların yaradılmasına hesablanıb. Fransa Ermənistanla siyasi – hərbi əlaqələrini inkişaf etdirir. Sözügedən ölkənin Ermənistanda möhkəmlənməsi Cənubi Qafqaz üçün yeni təhlükə risqi yaradır. Cənubi Qafqazda Ermənistan forpost olacaq. Baxmayaraq ki, Paşinyan ötən gün açıqlamasında ölkəsinin digər dövlətlərin forpostu olmasına qarşı olduğunu bəyan etmişdi. Görünür, onun bu açıqlaması məhz Moskvaya ünvanlanıbmış. Demək olar ki, baş nazir xələflərinin siyasətini davam etdirir. Əvvəlki hökumətlər Moskvanın forpostu olmuşdusa, Paşinyan Moskvanı Parisə dəyişir. Dəyişən yalnız ölkələrdir, kölə siyasəti isə davam edir. Ermənistan yenidən forpost, satellit ölkə olaraq qalır. Fransa Rusiyaya qarşı Ermənistana ciddi siyasi və hərbi təhlükəsizlik dəstəyi göstərə bilməyəcək. Ona görə ki, rəsmi Parisin bu kimi imkanları zəifdir. Rusiya Ermənistana iqtisadi sanksiyalar tətbiq edərsə, ölkə iqtisadiyyatı iflic olacaq və nəticədə xalqın etirazı güclənəcək. Fransanın uzun müddət Ermənistana maliyyə və iqtisadi dəstək verməsi mümkün görünmür. İrəvan yalnız Azərbaycan və Türkiyə ilə normallaşma prosesinə gedərsə, bu ölkə öz həqiqi müstəqilliyini əldə edəcək. Yoxsa tutduğu yol bu ölkəyə baha başa gələcək. Daimi gərginlik ona gətirib çıxaracaq ki, Ermənistanda əhali qalmayacaq. Bu ölkəyə xarici sərmayə gəlməyəcək. Bir sözlə, Fransanın mövcud siyasəti bölgədə gərginliyi artırmaqdır”.
Vidadi ORDAHALLI