" Vikipediyada" şəhidlərimizə hörmətsizlik aktları cəzasız qala bilməz....
Üç min Azərbaycan şəhidi ilə bağlı məqalə "Vikipedia"dan silinib. Bu çox təəssüfedici hadisədir, şəhidlik məqamına qarşı təxribatdır. "Vikipediya" bu məqalələri niyə silib, səbəbi bilinmir. Rəsmi qurumlar bu faktı araşdıracaq və bu işdə əli olanları cəzalandıracaq. "Vikipediya" şəhidlərə aid məqalələri silsə də, amma şəhidlərimiz barədə məlumatları tam olaraq məhv edə bilməz. Bədxahlar o məqalələri silsələr də, ortada şəhidlərimiz barədə məlumatları özündə tamamilə ehtiva edən ən azından iki mühüm fakt var. Bunlardan biri dövrü mətbuatda, çap mediasında, gündəlik qəzetlərdə gedən məlumatlardır. Çap mediasından danışarkən "Bakı-Xəbər" qəzetinin şəhidlərimizlə bağlı çap etdiyi silsilə məqalələr, sənədli povestlər, hekayələr mütləq şəkildə qeyd edilməlidir.
İkincisi də Respublika Xatirə Kitabı Redaksiyasının şəhidlərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı gördüyü işlərdir. Yarandığı gündən indiyə qədər "Xatirə Kitabı"nın, XVI cildi işıq üzü görüb. Respublika Xatirə Kitabı Redaksiyası həmçinin, “Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edib.
Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən “Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası”nın İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən (iki dildə) ibarət kitab hazırlayıb çap edib. "Qələbə-75" işıq üzü görüb. Vətən müharibəsi şəhidləri ilə bağlı "44 gün – Tarixi zəfər” adlı kitabın I və II cildlərini nəşr edib. Yəni bu sadaladıqlarımız şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onlar barədə dəqiq informasiyaları özündə ehtiva edən danılmaz faktlardır.
Xatirə Kitabı Redaksiyasının çap etdiyi cild-cild kitabları, xüsusi buraxılışları, "Bakı-Xəbər" qəzeti redaksiyası ilə birgə həyata keçirdiyi işləri, yazılan əsərləri, çap olunan kitabları silmək mümkünsüzdür. Şəhidlərimiz barədə ayrıca kitablar yazılıb çap edilib və sair.
"Vikipediya"dan o məqalələr silinsə də, amma şəhidlər barədə çap mətbuatında, "Bakı-Xəbər" qəzetində nəşr olunan məqalələr, Respublika Xatirə Kitabı redaksiyasının çap etdiyi kitablar, xüsusi buraxılışlar onlar barədə əsas məlumat bazası olaraq qalacaq.
İradə SARIYEVA