Dünya hüquq müdafiəçilərindən erməni yalanlarına cavab - heç bir etnik təmizləmə...
Faiq Ələkbərli: “Bəzən vicdanı olan hüquq müdafiəçiləri tapılır və onlar erməni yalanlarına əsaslı cavab verirlər ki, heç də məsələ iddia edildiyi kimi deyil”
Azərbaycana qarşı hər zaman qərəzli münasibət göstərən Fransanın bütün cəhdləri yarıda qırılır. Bu ölkənin Azərbaycanı ermənilərə qarşı “etnik təmizləmə”də ittihamını elə öz təşkilatı əsassız çıxarır.
Fransanın “Coordination des Associations et des Particuliers pour la Liberté de Conscience” (“CAP Freedom of Conscience” - CAP-LC) hüquq müdafiə təşkilatı Azərbaycan tərəfindən Qarabağın erməni sakinlərinə qarşı etnik təmizləmə aparılmadığını təsdiqləyib. Bu barədə CAP-LC-nin “Avropa Hüquq və Ədalət mərkəzinin” Azərbaycanın Avropa Şurasında üzvlüyünün dayandırılmasını tələb edən petisiyasına cavabında deyilir.
Təşkilatın apardığı monitorinqin nəticələrinə əsasən vurğulanır ki, dinc əhaliyə qarşı təhlükənin olmadığını Ermənistanın baş naziri Nikol Paşinyan özü də təsdiqləyib.
“Haqq nazilər, üzülməz, görürsüz, Fransanın özündə də hüquq müdafiə təşkilatı monitorinq aparıb elan edir ki, Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmayıb”
Məsələyə şərh verən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini Faiq Ələkbərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Fransanı öz təşkilatı ifşa edir və gerçəyi göstərir. “Qarabağda keçirilən son antiterror tədbirlərindən sonra Fransanın, Almaniyanın, eləcə də Avropanın digər dövlətlərinin Azərbaycanın əleyhinə yönəltdikləri ittihamlar əsassızdır. Xüsusilə də bu ittihamların içində Qarabağda yaşamış ermənilərə qarşı “etnik təmizləmə”nin aparılması ilə bağlı uydurmalar geniş yayılıb. Bunların əsassız olduğu dünyada da bilinir. Amma çox təəssüf ki, bəzi Avropa ölkələri, xüsusən də Fransa bu məsələdə çox canfəşanlıq edir, əlinə keçən hər fürsətdə Azərbaycanı “etnik təmizləmə”də ittiham edirdi. Fransa Azərbaycanı dünya ictimaiyyətinə bu cür təqdim edir. Amma haqq nazilər, üzülməz, görürsüz ki, Fransanın özündə də hüquq müdafiə təşkilatı monitorinq aparıb elan edir ki, Azərbaycan ermənilərə qarşı etnik təmizləmə aparmayıb. Bəzən xarici ölkələrdə də bu cür təşkilatlar çıxıb obyektiv rəy verə bilirlər. Bəzən vicdanı olan hüquq müdafiəçiləri tapılır və onlar erməni yalanlarına əsaslı cavab verirlər ki, heç də məsələ iddia edildiyi kimi deyil”-deyə F.Ələkbərli vurğuladı.
F.Ələkbərlinin sözlərinə görə, Fransanın hüquq müdafiə təşkilatı da üzə çıxarıb ki, Azərbaycan nə antiterror tədbirləri zamanı, nə də ondan sonra ermənilərə qarşı belə bir hərəkət etməyib. Fransa hökumətinin, Fransa dövlətinin Azərbaycana və Türkiyəyə qarşı hər zamanlar qərəzli olduğunu deyən F.Ələkbərli hesab edir ki, Fransada, yaxud Avropa ölkələrində bizə münasibətdə qərəzsiz olan təşkilatlar həmin dövlətlərdə problemlər, çətinliklər də yaşaya bilərlər. “Çünki Fransa höküməti nəinki Azərbaycana qarşı əsassız ittihamlarla çıxış edir, hətta bu ittihamları nəyin bahasına olursa olsun əsaslandırmağa çalışır. Bu anlamda Fransaya aid təşkilatın Azərbaycana obyektiv yanaşma sərgilməsi nəticəsində Makron hökumətinin təzyiqlərinə məruz qalacağı da istisna edilmir”-deyə F.Ələkbərli əlavə etdi.
İradə SARIYEVA