Bələdiyyələr ərazidə əlini ağdan-qaraya vurmur, əmlak vergisi yığır - direktor düzmü deyir?..
Əmlak və torpaq vergisini ödəməyən şəxslərin borclarının üzərinə dəbbə pulu gələcək və həmin məbləğ məhkəmə qaydasında tələb ediləcək. Bu barədə Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov deyib.
Bələdiyyələr artıq real rejimdə öz ərazilərində olan vətəndaşların vergilərinin hesablanmasını həyata keçirir. Vergi qanunvericiliyinə əsasən, vətəndaş ona bildirişdə göstərilən vergi borcunu ödəməlidir. Yeni qaydaya əsasən, vətəndaş vergi borcunu ödəmədikdə bələdiyyələr öz qərarlarını ərazi üzrə icra probasiya şöbələrinə təqdim edirlər. Belə olan halda isə ödəniş məhkəmə yolu ilə alınır.
Ancaq onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda ən passiv qurumlardan biri məhz bələdiyyədir. Bələdiyyələrin ərazisinin durumu hər kəsə bəllidir, Yollar təmir olunmur, yaşıllaşdırma bərbad səviyyədə, ətraf mühitin qorunması zəifdir, vətəndaşların problemləri də dinlənilmir. Bələdiyyə öz üzərinə düşən vəzifələri lazımi qaydada icra etmir, sosial işləri həll etmir. Bu kimi işlər görülmədiyi təqdirdə vətəndaşlardan pul yığılması nə dərəcədə düzgündür?
Natiq Cəfərli: “Bələdiyyələr öncə xidmət göstərsin, sonra vergi tələb etsin”
Iqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, vətəndaşlarda bələdiyyələrə etimad çox aşağı səviyyədədir: "Bələdiyyə rəsmisi deyir ki, vətəndaş bələdiyyələr tərəfindən ona verilən bildirişə görə vergi ödəməlidir, ödəməsə, cərimələnəcək. Bunu deyən şəxs bilməlidir ki, bələdiyyələr vətəndaşdan yazdığı kağız parçasına, bildirişə görə deyil, göstərdiyi xidmətə görə vergi toplamalıdır. Yaxşı olar ki, bələdiyyələr öncə xidmət göstərsin, sonra vergi tələb etsin. Bu işin fəlsəfəsi budur".
Kamran Məmmədli: “Bələdiyyələr üzərinə düşən işləri icra etsin, sonra əhalidən dəbbə pulu toplasın”
Iqtisadçı Kamran Məmmədli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, bələdiyyələrin gözəçarpacaq qədər görüləcək işləri yoxdur: “Bizdə bələdiyyə institutu formalaşmalıdır. İdarəetmə ilə bağlı təcrübə olmalıdır. Bələdiyyələr xarici təcrübələrə əsaslanmalı, hansı yeniliklər edə biləcəyini araşdırmalıdır. Bu gün bələdiyyələrin işi torpaq satmaq və pul toplamaqdır. Ancaq onların görəcəkləri iş çoxdur. Soruşsaq ki bu işləri niyə görmürsən, deyəcək pul yoxdur. Bəs camaatdan aldığı pul nə edir? Ssakinlər daşlı-kəsəkli yolla gedib-gəlir, evinə su gəlmir, kanalizasiya yoxdur, problemlər sonsuzdur. Bələdiyyələr üzərinə düşən işləri icra etsin, sonra əhalidən dəbbə pulu toplasın”.
Günel CƏLİLOVA