Göygöldə kimyəvi məhluldan zəhərlənmə - 10 yaşlı uşaq öldü, 3 nəfər xəstəxanaya yerləşdirildi
Avqustun 30-da saat 01:00 radələrində Göygöl rayonunun Balcılı kənd sakinləri 1961-ci il təvəllüdlü 1 nəfər (qadın) və 3 azyaşlı (2 qadın, 1 kişi olmaqla) dəqiqləşdirilməmiş kimyəvi məhlul zəhərlənməsi diaqnozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə müraciət edib.
TƏBİB-dən bildirilib ki, onlardan biri, 2014-cü il təvəllüdlü uşağın (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
"Digər iki uşaq zəruri tibbi yardımlar göstərildikdən sonra ixtisaslı həkim müayinəsi üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Uşaq Xəstəxanasına hospitalizasiya olunub. Onlardan birinin vəziyyəti ağır, digəri orta ağır qiymətləndirilir.
İlkin zəruri tibbi yardımdan sonra Abbas Səhhət adına Xəstəxanaya hospitalizasiya olunan ananın vəziyyəti isə hazırda orta ağır qiymətləndirilir", - məlumatda qeyd edilib.
Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən Trend-ə bildirilib ki, Azərbaycan Respublikası Dərman Vasitələrinin Dövlət Reyestrində "Niastol" adda məhsul qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib. "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.
ZÜMRÜD