Ukrayna ABŞ-dan aldığı F-16-lardan birini itirdi…
Ukraynanın Qərbdən aldığı F-16-lardan biri qəzaya uğrayıb. Bu barədə Amerika rəsmisinə istinadən məlumat yayan “The Wall Street Journal” yazır ki, təyyarə Ukraynaya gətirildikdən bir neçə həftə sonra itib. Qəzetə danışan rəsminin sözlərinə görə, ilkin məlumata görə, təyyarə vurulmayıb və çox ehtimal ki, qəza pilotun səhvi nəticəsində baş verib.
Xəbərdə Ukrayna Hərbi Hava Qüvvələrinin qəza və ya pilotun taleyilə bağlı açıqlama vermədiyinə dair də məlumatlar da yer alıb. Bundan əvvəl hərbi “Telegram” kanalları Lutsk meri İqor Polişçukun polkovnik-leytenant Aleksey Mesyanın ölümündən bəhs edən yazısına diqqət çəkib. Kanallar xəbər verir ki, Mesya 114-cü taktiki hava briqadasının komandir müavini olub və F-16 təlimi alıb. Polişçukun yazısı daha sonra səhifədən silinib.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) isə Ukraynaya verilən ilk F-16 qırıcısının itirilməsi ilə bağlı məlumatı şərh etməkdən imtina edib. Pentaqon nümayəndəsi jurnalistə bu məsələ ilə bağlı Ukrayna hakimiyyətinə müraciət etməyi məsləhət görüb. Adı açıqlanmayan amerikalı məmur isə “Reuters”ə açıqlamasında təyyarə qəzasının Rusiya hərbçilərinin hücumu ilə bağlı olmadığını iddia edib.
Sonradan Ukrayna Müdafiə Nazirliyinin Baş Qərargahı məlumat yayaraq qırıcının qəzaya uğradığını bildirib. Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri avqustun 26-da Rusiyanın hava hücumunu dəf etmək üçün F-16 qırıcılarından istifadə edib və növbəti hədəfə yaxınlaşma zamanı təyyarələrdən biri ilə əlaqə kəsilib. Sonradan məlum olub ki, təyyarə qəzaya uğrayıb və pilot həlak olub.
Bu arada, Hollandiya Silahlı Qüvvələrinin komandanı Onno Ayxelcxaym bildirib ki, Ukrayna Hollandiyadan aldığı F-16-ları Rusiya ərazisində istifadə edə bilər.
"Müharibə qanunlarına riayət etmək şərti ilə biz F-16-ların istifadəsi və uçuş məsafəsi ilə bağlı heç bir məhdudiyyət qoymamışıq" deyə hollandiyalı komandan bildirib.
Qeyd edək ki, Hollandiya Ukraynaya 24 ədəd F-16 qırıcısı verəcəyini vəd edib. Ancaq bunların neçəsinin Kiyevə çatdırıldığı açıqlanmayıb.
TAHİR