Restoran sahibi qəsəbənin yolunu kəsdi - Sahildə ciddi olay...
Ilqar Hüseynli: “Sahil qəsəbəsində yol satılaraq restoran ərazisinə qatılıbsa, bu tək sakinlərin problem deyil”
Paytaxtın Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsində yaşayan sakinlər qəsəbəyə giriş-çıxış yollarının bağlanmasından narazılıq edir. Qeyd edilən ərazidə yaşayan sakinlər bildirir ki, ərazidə sahibkar torpaq sahəsi alaraq restoran sahibinə satıb.
Daha sonra həmin yerə hasar çəkilərək yol bağlanıb: “Beləliklə, sakinlərin gediş-gəliş yolu bağlanıb. Qəsəbəyə çıxmaq üçün 100 metr yol var idi. İndi uşaqlarımız da, özümüz də 2-3 km yol getməyə məcburuq".
Sakinlər yola çıxmaq üçün uzun məsafə qət etməli olur. Qeyd edək ki, bu kimi problemlər zamanla yaşanır. Məlum məsələ necə həll olunmalıdır?
“Sahibkar pulunu verib torpaq alıb, torpağı satan, buna razı olan qurumlar məlum hadisə ilə bağlı cavab verməlidir”
Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qəsəbədaxili yollar, qəsəbədaxili səkilər Şəhərsalma və Arxitektura Komitəsinin xəritəsində yol infrastrukturuna daxildirsə həmin yolun satılması, zəbt edilməsi qanunla qadağandır. Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsindəki yol nəqliyyat-yol infrastrukturuna daxildirsə həmin ərazi satıla bilməz: “İnsanlar narazılıq edir ki, yaşadıqları ərazidə yol bağlanıb və onlar 1000 metrlik yol əvəzinə 2-3 kilometr yol getməli olur. Bu məsələ ciddi şəkildə araşdırılmalıdır. Sahil qəsəbəsində yol satılaraq restoran ərazisinə qatılıbsa, bu tək sakinlərin gediş-gəliş problemi deyil. Gələcəkdə o ərazidə yanğın hadisəsi baş verərsə yanğınsöndürən maşınlar adıçəkilən ünvana gedə bilməyəcək. Xəstə yanına Təcili Tibbi Yardım maşını belə gələ bilməyəcək. Bəzən saniyələr bir xəstəni həyata qaytarır. Hesab edirəm ki, Sahil qəsəbəsində baş verən hadisə dərindən araşdırılmalıdır. İcra hakimiyyəti və Şəhərsalma və Arxitektura Komitəsi məlum məsələni diqqətdə saxlamalıdır. Torpaq sahibkara bələdiyyə tərəfindən verilibsə bələdiyyə bunu əsaslandırmalıdır ki, nəyə görə yol infrastrukturu bağlanıb. Sahibkar pulunu verib torpaq alıb. Torpağı satan, buna razı olan qurumlar məlum hadisə ilə bağlı cavab verməlidir”.
Günel CƏLİLOVA