İnsanlar DİN-dən bu cinayətin sonadək araşdırılmasını səbrsizliklə gözləyir...
Flora Hacıyeva: “Qırmızı kitab”a düşmüş keçilərin və digər heyvanların ovlanması qadağandır”
Ermənistanın işğalından azad edilən rayonlarımız sırasında flora və faunasının zənginliyinə görə Kəlbəcər ilk yerdədir. Lakin təəssüflər olsun ki, Allahın Kəlbəcər rayonuna verdiyi bu zənginlik məhv edilir.
Belə ki, Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Həmin görüntülərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov bildirib ki, ilkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb: “Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbəbdən tələf olması məlum olacaq".
Maraqlıdır, Kəlbəcərdə dağ keçilərinin öldürülməsi ovçuluqla bağlıdır, yoxsa başqa səbəblər var?
“Ovçuluq sahəsi nəzarətə götürülməlidir, kim hansı heyvanı istəyir ovlamamalıdır, təbiəti qorumaq lazımdır”
Ekoloq Flora Hacıyeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Azərbaycan təbiətində dağ keçisi, dovşan, bataqlıq qunduzu, Dağıstan turu, qaban, qaz, çöl ördəyi, bildirçin, qaşqaldaq, cüllüt və s. ov heyvanı kimi tanınır: “Ovlanmasına icazə verilməyən və adı “Qırmızı kitab”a düşən heyvanların ovlanması yolverilməzdir. Dağ keçilərinin ovlanması üzücü haldır. Işğaldan azad edilmiş ərazilər uzun müddət nəzarətsiz qaldığı üçün proses vəhşi təbiətin zərərinə dəyişib. O bölgələrdə vəhşi heyvanların sayı artıb. Zamanla Qarabağda ayının, bəbirin görünməsi ilə bağlı məlumatlar eşidirik, hətta bununla bağlı sosial şəbəkədə görüntülər belə yayılır”.
Ekspert hesab edir ki, “Qırmızı kitab”a düşmüş keçilərin və digər heyvanların ovlanması isə qadağandır: “Məlumdur ki, Azərbaycanda bir çox quşların, heyvanların və həşəratların kökü kəsilməkdədir. Bunun qarşısı alınmalıdır. Ovçuluq sahəsi nəzarətə götürülməlidir. Kim hansı heyvanı istəyir ovlamamalıdır. Təbiəti qorumaq lazımdır. Ov qaydalarını pozanların ov etmək hüququ məhdudlaşdırılmalıdır. Bunu edənlər ya yüksək məbləğdə cərimə olunmalı, ya da məsuliyyətə cəlb olunmalıdır. Ümid edirəm ki, Kəlbəcərdə dağ keçilərinin nə səbəbdən öldürüldüyü araşdırılacaq. Bunu ov məqsəsilə edənlər məsuliyyətə cəlb olunacaq”.
Günel CƏLİLOVA