Özəllərdə qızılca peyvəndi 200 manatdır - dövlət xəstəxanalarına isə peyvənd verilmir...
Qızılca xəstəliyi sadəcə səpkidən ibarət bəsit bir infeksion xəstəlik deyil. Xəstəliyin profilaktikasında peyvəndlənmənin əhəmiyyəti vacibdir. Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur. Peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya 1 və 6 yaşında olmaqla 2 doza şəklində kombinə olunan qızılca, parotit, məxmərək (QPM) peyvəndi ilə aparılır.
Ancaq son zamanlar dövlət xəstəxanalarında peyvənd tapılmır. Məlumata görə, artıq 2-3 aydan çoxdur ki, ölkədəki əksər dövlət xəstəxanalarına qızılcaya qarşı peyvənd gətirilmir. Özəl müəssisələrdə isə vaksinlər ödənişli əsaslarla edilir.
“Leyla Medikal Center” – 180 AZN
“Medera Hospital” – 200 AZN
“Modern Hospital” – 200 AZN (29 avqustda olacaq)
“Liv Bona Dea Hospital Baku” – 200 AZN
“Baku Medical Plaza” – 200 AZN
Özəl xəstəxanalarda peyvəndin qiyməti 180-200 manat arasında dəyişir, dövlət xəstəxanalarında isə peyvənd tapılmır.
Səhiyyə Nazirliyi: “Rəsmiləşdirilmə prosesi ən qısa zamanda yekunlaşacaq və peyvəndlər tibb müəssisələrinə paylanacaq”
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirildi ki, TƏBİB-in Media və kommunikasiya şöbəsindən bildirilib ki, növbəti dövr üçün peyvənd ehtiyatları artıq ölkə ərazisindədir: “Rəsmiləşdirilmə prosesi ən qısa zamanda yekunlaşacaq və peyvəndlər tibb müəssisələrinə paylanacaq”.
Pərvanə Mustafayeva: “Həm özəl klinikalarda, həm də dövlət tibb müəssisələrində vaksinlər eynidir, buna baxmayaraq, özəllərdə…”
Həkim ekspert Pərvanə Mustafayeva “Bakı-Xəbər”ə şərhində bildirdi ki, qızılca - kəskin infeksion virusmənşəli xəstəlik olub, temperaturun artması, intoksikasiya, yuxarı tənəffüs yollarının və gözün selikli qişasının zədələnməsi və ləkəli-papulyoz səpgilərlə səciyyələnir: “Qızılca istənilən yaşda müşahidə edilir. Lakin bir yaşdan dörd-beş yaşa qədər uşaqlar arasında daha çox rast gəlinir, altı aya qədər uşaqlar qızılca ilə nadir hallarda xəstələnirlər. Üç aya qədər uşaqlar isə bir qayda olaraq xəstələnmirlər ki, bu da anadan ötürülən passiv immunitetin sayəsindədir. Bu gün qızılca əleyhinə peyvənd özəl və dövlət xəstəxanalarında vurulur. Özəl klinikalarda, həm dövlət tibb müəssisələrində vaksinlər eynidir. Buna baxmayaraq özəllərdə həmin peyvənd üçün valideyndən yüksək məbləğdə pul tələb edilir. Mən dəfələrlə demişəm ki, ölkəyə gələn peyvənd eynidir və bütün xəstəxanalara paylanılır. Sadəcə, özəllər bazar qiymətinə uyğun olaraq qiymət təyin edir. Şöhrəti sevənlər özəllərdə uşağını peyvənd etdirir. Uşaqlar peyvənd olunmalıdır. Qızılca peyvəndi zəruridir. Ola bilər ki, bəzi dövlət xəstəxanalarında peyvənd bitib, ancaq bu davamlı hal deyil. Yəqin, aidiyyəti qurum hansı poliklinikada qızılca əleyhinə peyvənd çatışmırsa onu həll edəcək”.
Günel CƏLİLOVA