Çirkli suların yaratdığı üfunət lənkəranlıların “həyatına oturub”...
Son vaxtlar biganəlik üzündən Lənkəran şəhərində yaranan bir sıra problemlər əhalini çox narahat edir. Arxlarda yaranan antisanitar vəziyyət isə daha çox şəhərin görkəminə xələl gətirir. Burada tam sıradan çıxan arxlar da vardır. Yaranmış halla əlaqədar sakinlər tərəfindən dəfələrlə aidiyyəti təşkilatlara müraciətlər olsa da, hələ ki, məsələ öz həllini tapmayıb. Əksinə, günbəgün pisləşməyə doğru gedir.
Şəhərin müxtəlif ərazilərdə olan xəndəklər yayın istisində belə ağzına qədər çirkli su ilə dolub, onları təmizləməksə heç kimin nəzərində deyil. Bir balaca yağış yağan zaman vəziyyət daha da pisləşir, bura müxtəlif həşəratlar toplaşır və ətrafı üfunət iyi bürüyür. Həmçinin həmin üfunətli su zibil qarışıq həyətlərə axır və yoluxucu xəstəliyin yaranmasına səbəb olur. Analoji vəziyyət şəhərin Heydər Əliyev və Həzi Aslanov parklarının ətrafında da ciddi şəkil alıb.
Vəziyyətin nə qədər çəkəcəyi hələ sakinlərə məlum deyil. Görünür ki, əlaqədar təşkilatların üfunətdən xoşları gəlir...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü