Erməni lobbisi sentyabr, 2023-ün ildönümünü Konqresdə keçirəcək
Məhəmməd Əsədullazadə: “Bütün bunlar ilk növbədə Vaşinqtona zərər vuracaq”
ABŞ Konqresi qondarma “artsax”la bağlı ermənilərlə birlikdə tədbir keçirəcək. Budəfəki tədbir barədə məlumatı Amerika Erməni Milli Komitəsi (ANCA) verib. Məlumatda qeyd edilir ki, konqres liderləri, icma fəalları və koalisiya tərəfdaşları sentyabrın 19-da Kapitoli təpəsində toplanacaqlar.
Sərsəm açıqlama yayanlar qeyd ediblər ki, tədbir iştirakçılarının toplanmasında məqsəd 2023-cü il 19-20 sentyabr tarixlərində Azərbaycanın hərbi hücumunun birinci ildönümünü qeyd etməkdir.
Azərbaycanla Ermənistan arasında sülh prosesində aktiv rol almağa çalışan ABŞ-ın bu addımı birmənalı qarşılanmır. Rəsmi Vaşinqton həm bir an əvvəl sülh müqaviləsinin imzalanmasını istədiyini bəyan edir, həm də ölkəmiz əleyhinə təxribatçı addımlar atır və belə təxribatlara zəmin yaradır.
“Konqresmenlər Qarabağ mövzusunu süni şəkildə gündəmdə saxlamaqla erməni lobbisinin maraqlarına oynayırlar”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Məsələ ondadır ki, Birləşmiş Ştatlar Konqresində kifayət qədər güclü erməni lobbisi var və onların əksəriyyəti Demokratlar Partiyasının təmsilçiləridir. Müəyyən konqresmenlər Qarabağ mövzusunu süni şəkildə gündəmdə saxlamaqla erməni lobbisinin maraqlarına oynayırlar. Nəzərə almaq lazımdır ki, erməni maraqlarından çıxış edən konqresmenlər buna görə diaspordan pul alırlar. ABŞ-da müəyyən dairələr bunda ona görə maraqlıdılar ki, Azərbaycan və türk dünyasına təzyiq göstərsinlər. Təbii ki, bütün bunlar ABŞ-ın milli maraqlarına qarşı yönəlib. Bu baxımdan rəsmi Vaşinqton – Ağ Ev, Dövlət Departamenti bunu nəzərə alıb erməni lobbisinin maraqlarından çıxış edən konqresmenlərin əlində alət olmamalıdır. Çünki bu, ilk növbədə Vaşinqtona zərər vuracaq. Azərbaycan Cənubi Qafqazın ən strateji əhəmiyyətə malik ölkəsidir. Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunda çıxış edir. Mühüm nəqliyyat qovşaqları Azərbaycanda birləşir. Belə bir ölkə ilə münasibətləri inkişaf etmək əvəzinə, erməni maraqlarına yönəlik addım atmaq ABŞ-ın maraqlarına zərər vuracaq. Çünki Qarabağ məsələsi gündəmdən çıxıb. Azərbaycan öz suverenliyini təmin edərək Xankəndiyə nəzarəti bərpa edib. Ordakı erməni əhalisi də könüllü şəkildə Qarabağı tərk edib. Yəni Azərbaycanın qanunları altında yaşamaq istəməyiblər. Belə olan halda biz erməniləri zorla Qarabağda yaşamağa məcbur edə bilmərik. ABŞ da bütün bunları nəzərə almalıdır. Yoxsa erməni lobbisinin çaldığı havaya oynamaqla nəyəsə nail olmaq olmaz. Onsuz da Ermənistanda ciddi demoqrafik böhran var. Qarabağ ermənilərinin ora köçməsi Ermənistandakı demoqrafik duruma müsbət təsir edər. O baxımdan yaxşı olardı ki, Qarabağ ermənilərinin Ermənistan cəmiyyətinə inteqrasiyasına daha çox diqqət ayırsınlar. Bununla bağlı layihələr həyata keçirsinlər”.
Vidadi ORDAHALLI