Makronun özünün də aktiv "Telegram" istifadəçisi olduğu üzə çıxdı...
Fransa prezidenti Emmanuel Makron, yaradıcısı Pavel Durovun həbs olunmasına baxmayaraq, "Telegram" mesencerindən fəal şəkildə istifadə edir.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, Makron ilk prezidentlik kampaniyası başlayandan "Telegram" istifadəçisidir. Fransa hökumətinin üzvləri, müxtəlif rütbə və partiyaların siyasətçiləri də mesencerdən fəal şəkildə istifadə etməkdə davam edirlər.
Fransa parlamentinin keçmiş deputatı isə bildirib ki, Makron onunla "Telegram" mesencerində yazışıb. O, həmin yazışmaları da göstərib.
Durovun işini araşdırmayan, lakin onun keçmişi ilə tanış olan Fransa Ədliyyə Nazirliyinin rəsmisi deyib ki, Paris "Telegram" administrasiyasının Fransa hakimiyyət orqanları ilə əməkdaşlıq etmək istəməməsi səbəbindən mesencerdən "inciyib".
Qeyd edək ki, Pavel Durov avqustun 25-də Parisdə saxlanılıb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsi, pedofiliya, çirkli pulların yuyulması və oğurlanmış malların idarə edilməsində ittiham olunur.
Maraqlıdır, dünyaya insan hüquqları dərsi keçən Avropa İttifaqı üzv ölkə olan Fransanın bu cür represssiv addımlarına niyə sakit qalır? Aİ hələ də açıqlama verməyib.
Bəs, ABŞ Dövlət Departamenti necə? Azərbaycanda belə hal baş versəydi, artıq bəyanat verməmiş bir Qərb rəsmi dairəsi, institutu qalmamışdı.
Bəli, "Telegram"da bır sıra məqamlar narahatedicidir. Amma insan hüquqları azadlıqlarına hörmət, biznes prinsiplərinə riayət olunması tələbi belə repressiv metodlarla tənzimlənməməlidir. Ən azından Qərb özünün bəyan etdiyi prinsiplərə sadiqlik nümayiş etdirməlidir. Bu olmayınca, ABŞ, Aİ hər hansı bir ölkədə bu və ya digər hadisəyə demokratiya və insan hüquqları kontekstində münasibət bildirməkdə haqsız sayılır.