Ərdoğan İlham Əliyevə təşəkkür etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə təşəkkür edib.
Bu barədə Türkiyə lideri Nazirlər Kabinetinin iclasından sonra etdiyi çıxışında bildirib.
“Bir millət, iki dövlət anlayışı ilə hərəkət etdiyimiz can Azərbaycanımızın prezidenti, əziz qardaşım İlham Əliyevə ürəkdən minnətdarlığımı bildirirəm. İlham qardaşım sadəcə zəng etmədi, həm də ölkəmizə “BE-200” tipli amfibiya yanğınsöndürən təyyarəsini göndərməklə yanğınla mübarizəmizə güclü dəstək verir. Çətin günlərimizdə daim dəstək olduğumuz azərbaycanlı qardaşlarımızla bundan sonra da hər sahədə birliyimizi davam etdirəcəyik”, – deyə o vurğulayıb.
Onun sözlərinə görə, ümumilikdə Türkiyə meşələrində baş verən yanğınların sayı 53 faiz artaraq 5 540-a çatıb:
“27 təyyarə, 105 helikopter və 5 mindən çox quru texnika yanğınların söndürülməsində iştirak edir. Təkcə 15-19 avqust tarixləri arasında 306 meşə yanğını baş verib. Müvafiq nazirlər daim yerlərdə olurlar. Mən də onlardan mütəmadi məlumat alıram”.
Xatırladaq ki, Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib.
]SAMİRƏ