Yeni dövrə yeni uğurlarla
2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 67 saylı Sabirabad seçki dairəsi üzrə deputatlığa namizədliyi irəli sürülmüş akademik Əhliman Əmiraslanovun Sabirabad rayonunda təhsil və səhiyyə sahəsində çalışan seçicilərlə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə “Yeni dövrə yeni Azərbaycanla!” şüarı ilə qatıldığını diqqətə çatdırıb. Varis Rüstəmov qeyd edib ki, hazırda qarşıda duran başlıca məqsəd yeni qələbələrə nail olmaqdır. O, vətəndaşları seçki prosesində fəal iştirak etməyə və YAP-ın namizədinə səs verməyə çağırıb. Deputatlığa namizəd Əhliman Əmiraslanov çıxışı zamanı hazırda Azərbaycanın Ulu Öndər Heydər Əliyevin yolu ilə inamla irəlilədiyini qeyd edib. O bildirib ki, bu yolu uğurla davam etdirən Prezident İlham Əliyevin düzgün siyasəti nəticəsində ölkəmiz güclü dövlətə çevrilib. Əhliman Əmiraslanov sonda seçiciləri səsvermə hüquqlarından istifadə edərək seçkilərdə aktiv iştirak etməyə dəvət edib.
Görüşdə çıxış edənlər - Elçin Quliyev, Əlvan Əhmədov, Güləndam Səmədova və Əlişirin Əliyev YAP-ın məqsədyönlü fəaliyyətindən, əldə edilən uğurlardan və gələcək hədəflərdən danışaraq seçiciləri Yeni Azərbaycan Partiyasının namizədini dəstəkləməyə çağırıblar.
Mətləb