Telegram-ın təsisçisi Durovla bağlı yeni faktlar ortaya çıxdı - təyyarəsi Parisdən uzaqlaşmağa çalışıb, ancaq…
Avqustun 24-də “Le Burje” hava limanında şəxsi təyyarəsindən endikdən dərhal sonra Fransa xüsusi xidmət orqanları tərəfindən saxlanılan Telegram-ın təsisçisi Pavel Durovla bağlı yeni məlumatlar ortaya çıxıb.
SHOT yazır ki, Pavel Durovun həbs olunmazdan əvvəl əlaqə saxladığı sonuncu şəxs rusiyalı bloger Hüseyn Həsənov olub. Telegram kanalının məlumatına görə, avqustun 24-də səhər saatlarında messencerin təsisçisi bloqqerlə birlikdə səhər yeməyi yeyib. Bir neçə saatdan sonra isə sahibkar Fransaya uçub.
Məlumatlara görə, Paris hava limanına enməyə 20 dəqiqə qalmış Durovun “Embraer Legasy” təyyarəsi istiqamətini dəyişməyə çalışıb. Flightradar 24 xidmətinin məlumatlarına görə, təyyarə kəskin şəkildə dönüb və İtaliya ilə sərhədə doğru irəliləməklə Fransa paytaxtından uzaqlaşmağa başlayıb. Lakin bundan sonra biznes təyyarəsi “Le Burje” hava limanına aparan dəhlizə qayıdıb.
Xarici media Durovun gözlənilən həbslə bağlı mesaj almağı bacardığını və Fransa hava məkanını tərk etmək qərarına gəldiyini irəli sürüb. Təyyarənin nəhayət Parisə enməsinin səbəbləri arasında media iki versiyanı qeyd edir. Birinə görə, guya pilotlar qonşu ölkəyə uçmaq üçün kifayət qədər yanacaqlarının olmadığını bildiriblər, digərinə görə, hava nəqliyyatı dispetçerləri onları Fransaya enməyə məcbur ediblər.
Media Telegram-ın yaradıcısının cangüdəni və bir qızın müşayiəti ilə Parisə uçduğunu bildirib. SHOT Durovun yanında 24 yaşlı rusiyalı Yuliya Vavilovanın ola biləcəyini müəyyən edib. Rusiya səfirliyindən isə SHOT-a Durovun təyyarəsinin göyərtəsində kimin olması barədə məlumatlarının olmadığını deyiblər.
TAHİR