Vətən torpağı olan oğul - Xəyal Əhədzadə...
Sinəsini Vətəninə sipər edib tarix yazan igidlərdən biri də Lənkəran rayonunun Nərimanabad qəsəbəsində dünyaya gələn şəhid Xəyal Əlövsət oğlu Əhədzadədir. Qısa ömrü qəhrəmanlıq, mərdlik örnəyi olan Xəyal Lənkəran Gənclər İdman Məktəbinin yetirməsi idi. O, idmanın boks növündə dəfələrlə Azərbaycan çempionatlarında iştirak etmiş və yüksək nəticələrə sahib olmuşdur.
Köksündə əsl qəhrəman ürəyi döyünən Xəyal 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsinin ilk günlərində əlində silah cəbhəyə yollanıb. Murovdağ, Cəbrayıl, Füzuli və Şuşa istiqamətində gedən döyüşlərə qatılıb. Düşmənə qan uddurub, yüzlərlə canlı qüvvəsini, neçə-neçə hərbi texnikasını məhv edib. Azərbaycan və dünya hərb tarixinə qızıl hərflərlə yazılan şanlı qələbəmizdə göstərdiyi rəşadətə görə dövlət tərəfindən “Azərbaycan bayrağı” ordeninə, Cəbrayılın, Füzulinin, Şuşanın, Kəlbəcərin azadlığı uğrunda medallarına layiq görülüb.
Vətən sevdalısı Xəyal Əhədzadə 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhadətə yüksəlib. Milyonların ürəyində özünə əbədi məkan quran Lənkəranın igid oğlu Vətən olur...
Bu günlərdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə "Tariximiz qürurumuzdur" layihəsi çərçivəsində Lənkəran şəhər Mədəniyyət Mərkəzində şəhid Xəyal Əhədzadənin anadan olmasının 26-ci illiyi münasibətilə tədbir keçirilib.
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyevanın və digər rəsmilərin, şəhid ailələrinin üzvləri, müharibə əlilləri, rayon ictimaiyyətinin nümayəndələrinin, şəhidin təhsil aldığı Lənkəran rayonu A.Əmrahov adına Üzümçülük qəsəbə tam orta məktəbin müəllim və şagird heyətinin
qatıldığı tədbirdə Xəyal Əhədzadənin şəxsi əşyaları və fotolarından ibarət sərgi nümayiş olunub.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və Vətən naminə canını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Şəhid Xəyal Əhədzadənin həyat yolunu özündə əks etdirən video çarx izlənib, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin fond müdiri Aygün Əkbərova belə vətənpərvər, mərd, igid oğullar tərbiyə etdiyi üçün şəhid valideynlərinə minnətdarlığını bildirib. Sonra Heydər Əliyev Mərkəzinin rəsm studiyasında yağlı boya ilə çəkilmiş Xəyal Əhədzadənin portretini valideynlərinə təqdim edib.
Çıxışçılar Xəyal Əhədzadənin həyat və döyüş yolundan böyük qürurla söhbət açıb,
məktəblilər Vətənə, qələbəyə həsr olunan şerlər söyləyib, tanınmış ifaçıların şəhidlər haqqında mahnıları dinlənilib.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü