COP29-la bağlı 15 saxta səhifə aşkarlandı - Dövlət Xidmətindən çağırış...
Dövlət tərəfindən informasiya təhlükəsizliyinə məsul qurum olan Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti COP29-un idarəetmə mərkəzi ilə birgə informasiya təhlükəsizliyinin gücləndirilməsi və kiberhücumların qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirir və nəzarəti gücləndirir.
Qurumdan verilən məlumata görə, xidmət tərəfindən hazırda COP29 tədbiri ilə bağlı müxtəlif hədəfli saxta resursların yaradılması müşahidə olunur, onlardan bir qismi informasiya manupulyasiyasına hədəflənmiş resurslar olsa da, bir çoxu kiberdələduzlar tərəfindən yaradılmış saxta resurslardır. Belə ki, kiberdələduzlar qeydiyyat, eləcə də tədbir çərçivəsində müxtəlif iş yerlərinin açılması ehtimalından sui-istifadə edərək, müxtəlif biznes və məşğulluqyönümlü platformalarda COP29-la bağlı açılan iş yerləri barədə sosial şəbəkələrdə saxta məlumatlar yerləşdirməkdədirlər.
Bu günə qədər COP29-un təhlükəsizlik idarəetmə mərkəzi ilə birgə 15 saxta informasiya resursu aşkarlanıb və ölkə üzrə bloklanması təmin edilib.
“Vətəndaşları yalnız rəsmi mənbələr tərəfindən verilən məlumatlara inanmağa çağırır, müxtəlif sosial şəbəkələrdə yayılan saxta və yalan məlumat əsaslı kampaniyalara qarşı diqqətli olmağa səsləyirik”, - deyə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.
ZÜMRÜD