Ukraynadan savaş elanı kimi xəbərdarlıq - Belarusun bütün hərbi birləşmələri, obyektləri vurulacaq...
Ukrayna-Rusiya müharibəsi davam etdiyi bir vaxtda Belarus sərhədindəki aktivlik Kiyevin sərt reaksiyasına səbəb olub. Ukrayna Xarici İşlər Nazirliyi Belarusun təlim adı altında sərhədə əsgər və texnika topladığını bildirib və sərhəd pozulacağı təqdirdə Belarusun bütün hərbi birləşmə və obyektlərinin hədəfə çevriləcəyi ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən verilən açıqlamada qeyd olunub ki, Ukrayna kəşfiyyatının məlumatına görə, Belarus silahlı qüvvələri təlim adı altında Ukraynanın şimal sərhədinə yaxın Qomel bölgəsinə əsgər, texnika, tank, artilleriya və hava hücumundan müdafiə sistemləri toplayıb.
Açılamada sözügedən bölgədə Rusiyanın “Vaqner” qrupu muzdlularının da olduğu qeyd edilib: "Dövlət sərhədi və Çernobıl Atom Elektrik Stansiyasının yaxınlığında təlimlərin keçirilməsi Ukraynanın milli təhlükəsizliyinə və ümumilikdə qlobal təhlükəsizliyə təhdid yaradır. Belarus hakimiyyəti Moskvanın təzyiqi altında öz ölkələri üçün faciəvi səhvlərə yol verməməyə, silahlı qüvvələrini düşmənçilik hərəkətlərini dayandırmağa və qoşunlarını Ukrayna dövlət sərhədindən Belarusdakı mövcud atəş sistemlərinin əhatə dairəsini aşan məsafəyə geri çəkilməyə çağırırıq".
Ukraynanın heç vaxt Belarus xalqına qarşı qeyri-dost hərəkətlər etmədiyi və etməyəcəyi vurğulanan bəyanatda daha sonra deyilir: “Sərhəd pozulacağı halda Ukrayna özünü müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcək və Belarusdakı bütün hərbi birləşmələrin, obyektlərin və təchizat yollarının Ukrayna silahlı qüvvələrinin qanuni hədəfi olacağı ilə bağlı xəbərdar edirik”.
TAHİR