İsrailin məşhur 8200-cü məxfi bölməsi "Hizbullah"ın hədəfində - yüzdən çox qırıcı havaya qaldırıldı...
"Hizbullah"ın iyulun 30-da Livanda yüksək rütbəli komandiri Fuad Şükürün öldürülməsinə cavab hücumlarına başladığını açıqlamasından sonra İsrail ordusu Livanda "Hizbullah"a qarşı "önləyici hücum" edildiyini bildirib.
İsrail ordusu səhər saatlarında Livana hücumda 100-ə yaxın döyüş təyyarəsinin iştirak etdiyini və İsrailin mərkəzini vurmaq üçün yerləşdirilən raket buraxılış qurğularından 40-ının vurulduğunu iddia edib. "Hizbullah" isə cavab olaraq bildirib ki, İsrailin “önləyici hərəkəti” və hücumun qarşısını almaq iddiaları boş iddialardır.
İsrailli jurnalist Doron Kadoş isə, "Hizbullah"ın hücumunda əsas hədəfin İsrailin ən məxfi kəşfiyyat qurumlarından biri olan 'Unit 8200' olduğunu iddia edib. “Hizbullah" Mossadın qərargahı və Unit 8200 bazasının yerləşdiyi Gillot bölgəsinə məhdud sayda raket atmağı planlaşdırırdı”, - deyə Kadoş bildirib.
“The Times of Israel” qəzeti də "Hizbullah"ın Herzliya yaxınlığındakı Mossad qərargahına hücum etməyi hədəflədiyini iddia edib. Bildirilir ki, İsrail rəsmiləri bu səhər "Hizbullah"ın Mossad qərargahını vurmaq niyyətində olduğuna dair müzakirələr aparıb. Mossad qərargahı da daxil olmaqla bəzi bölgələri vurmağı hədəfləyən "Hizbullah" hücumunun qarşısı İsrailin “önləyici hücumu” ilə alınıb.
Qeyd edək ki, bütün dünyada kəşfiyyat fəaliyyətləri ilə tanınan İsrailin "Unit 8200" adlandırdığı qurum Mossad-a bağlı bir kəşfiyyat qurumudur. Gizli əməliyyatlara cavabdeh olan "Unit 8200" kəşfiyyat siqnallarının toplanması və şifrələrin açılmasına məsul qurum kimi tanınır.
8200-cü bölmə bir neçə min hərbi qüvvədən ibarətdir və İsrail ordusunun ən böyük qurumu hesab olunur. İsrail mediası dünya üzrə həyata keçirilən kəşfiyyat fəaliyyətlərinin yarısının 8200-cü bölmə tərəfindən toplandığını bildirir.
TAHİR